!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: iyulun 1-dən etibarən...

!Reklam – Yazi

Tikintisi başa çatmayan, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməyən binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair Mülki Məcəlləyə dəyişikliklər dərc olunub.

Qeyd edək ki, mülkiyyətçilər tikinti sahəsində bu günə qədər bir sıra çətinliklərlə üz-üzə qalırdılar. Belə ki, bəzi hallarda ödənişlər alınsa da, tikinti yarımçıq qalır, eyni mənzil bir neçə adama satılır, order məsələsində problemlər yaranırdı. Bütün bunlara son qoyuldu. Məcəlləyə edilən dəyişikliyə görə bundan sonra tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq.

Tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanı tikib, təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:

– torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi;
– tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra – müqavilə məbləğinin 10 faizi;
– dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 8 faizi;
– istilik təchizatı sistemlərinin quraşdırılması, su və elektrik xətlərinin çəkilməsi başa çatandan, birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra -müqavilə məbləğinin 3 faizi;
– pəncərələrin quraşdırılması, fasad işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi;
– daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 6 faizi;
-su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra – müqavilə məbləğinin 9 faizi;
– bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.

Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.

Məsələni Yenicag.az-a şərh edən Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bildirdi ki, dəyişikliklər mülkiyyətçilərin hüququnun qorunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Tikintidə ən çox rast gəlinən neqativ hadisə bildiyiniz kimi bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı idi. Digər tərəfdən, tikintiyə başlanılandan bir qədər sonra hər hansı problem üzündən proses yarımçıq qalırdı. Yaxud da tikinti vaxtında başa çatdırılmırdı. Bununla bağlı Mülki Məcəlləyə edilən dəyişiklik isə həm sahibkarın, həm də xüsusən mülkiyyətçinin maraqlarına cavab verir. Sahibkar bu fonda başladığı işi müqavilədə göstərilən vaxtda təhvil verməyə maraq göstərəcək ki, mərhələli şəkildə ödənişləri ala bilsin. Yəni alıcı tərəfindən sahibkara etimad yaranacaq. Mülkiyyətçilər isə yeni dəyişikliklə ən azından özlərini bu günə qədər baş verən neqativ hallardan sığortalayacaq. İndiyə qədər vətəndaş yeni tikilən binalardan mənzil alarkən müxtəlif məsələlər üzündən bir qədər çəkinirdi. Ona görə də əsasən hazır binalardan mənzil almağa üstünlük verirdilər.

Amma məcəlləyə edilən bu dəyişiklik alıcıda etimadın yüksəlməsinə gətirib çıxaracaq, vətəndaşı daha çox yeni tikilən binalardan ev almağa həvəsləndirəcək. Lakin dəyişiklik fikrimcə, köhnə problemli və yarımçıq qalan binalara şamil edilməyəcək. Bu binalarla bağlı indiki zamana qədər nə tədbir görülübsə, artıq görülüb. Qərar yalnız bundan sonra tikilən binalarla əlaqədardır”.

Həmsöhbətimizin fikrincə, dəyişiklik yeni tikilən binalarda qiymət artımına gətirib çıxartmayacaq:

“Hazırda Bakıda kifayət qədər yeni yaşayış binaları tikilir. Mənzil fondu genişlənməkdədir. Bu da geniş seçim imkanı verir və qiymətlərin stabil qalmasına kömək edir”.

ELÇİN

www.yenicag.az

2715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv