Hazırda yeni tikilən binalardakı mənzillər müqavilə əsasında satılır. Amma təkliflər səslənir ki, prosesdə baş verən neqativ halların qarşısını almaq üçün mənzillər köhnə binalarda olduğu kimi, mülkiyyət hüququ haqqında şəhadətnamə (“kupça”) əsasında satılsın.
Yeni tikili mənzillərin də bu qaydada satışı mümkündürmü?
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə Yenicag.az-a açıqlamasında bildirdi ki, mənzil bazarında mövcud olan neqativ halların qarşısını almaq üçün evlərin “kupça” ilə satılması daha məqbul variantdır:
“Təbii ki, köhnə tikili binalar “kupça” ilə satılır. Yeni tikilməkdə olan, tamamlanmayan və yaxud dövlət tərəfindən istismara qəbul edilməyən binaları isə müqavilə yolu ilə əldə etmək mümkündür.
Beynəlxalq praktika göstərir ki, müqavilə əsasında satış bir çox hallarda neqativ proseslərə gətirib çıxarır. Bir mənzilin 3-5 nəfərə satılması kimi hallar da məhz evin müqavilə əsasında, adi kağız üzərində bağlanmasının nəticəsidir. İndi beynəlxalq praktikada binalar tikilərkən artıq onun çıxarışı alınır. Yaxud ən çox yayılmış təcrübə odur ki, bina tikilməmiş heç kimə satılmır. Yalnız tikilib, başa çatdırılandan sonra təhvil götürülür və artıq onun çıxarışı olur. Çıxarışın da notariat qaydada reyestri aparılır ki, bu da tikilinin artıq kimə məxsus olduğunu bildirir. Müqavilə imzalanarkən isə onun heç bir reyestri aparılmır. Nəticədə, mənzillər bir sıra hallarda bir deyil, bir neçə nəfərə satılır. Ona görə də bağlanan müqavilələrin də notariat kontorunda reyestrinin aparılması vacibdir. Yaxud da mənzillərin “kupça”sı olmadığı halda satış dayandırılmalıdır.
Təəssüf ki, tikinti bumu dövründən indiyədək hələ də çıxarışla təmin olunmayan, müqavilə əsasında bağlanan çoxsaylı mənzillər satılıb. Bu da həmin binaların istismara qəbul olunmamasından qaynaqlanır. Müqavilə olduqda isə bu mənzillər nə ipoteka, nə də digər alqı-satqı predmeti ola bilmir”.
ELÇİN
www.yenicag.az