POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır
Azərbaycanda ictimai iaşə fəaliyyəti göstərən şəxslərin POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Xatırladaq ki, vergi qanunvericiliyinə əsasən, 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-i 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.
Bu optimallaşmanın davamı olaraq, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bundan başqa, 8 % dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 %-ə endirilməsi təklif edilir.
Məsələn, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2 400 manat təşkil edəcək.
Digər nümunə: İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin bir ayda göstərdiyi xidmətlərin dəyəri 50 min manat olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat olacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3 200 manat təşkil edəcək.
Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq.












