Mərkəzi Bank bu qaydada dəyişiklik etdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sistemlərdə birbaşa iştirakçılar arasında hesablaşmalar tənzimləyici qurumda açılmış müxbir və cari hesabları vasitəsilə həyata keçiriləcək.
Belə ki, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemində (AZIPS) hesablaşmalar aşağıdakı informasiya mübadiləsi vasitələrindən istifadə olunmaqla aparıla bilər:
– sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsi vasitəsilə;
– SWIFT vasitəsilə (birbaşa iştirakçı SWIFT-in üzvü olduqda).
Bundan başqa, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) birbaşa iştirakçıların təsdiq etdiyi reqlament əsasında göndərilən ödəniş paketlərinin toplanılması, klirinqin keçirilməsi və alınan xalis mövqelər üzrə AZIPS-də yekun hesablaşmaların aparılması üçün istifadə olunacaq. XÖHKS-ün birbaşa iştirakçısı informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış QTŞ-yə qoşulmalıdır.
Ani Ödənişlər Sistemi (AÖS) birbaşa və dolayı iştirakçılar arasında hesablaşmaların təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunacaq. AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və dolayı iştirakçıların texniki hesabları vasitəsilə həyata keçiriləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.












