Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sentyabrın 18-də uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15 faiz, dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi 18 faiz) barədə qərar qəbul edib.

Yenicag.az bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, makroiqtisadi sabitlik və real sektorda aktivliyin pozitiv dinamikası qorunur. Tədiyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabildir. Pul təklifi iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacına uyğun olaraq artır. İnflyasiyanın monetar və qeyri-monetar amillərinin təhlili göstərir ki, pul siyasətinə əhəmiyyətli korreksiya etmək zərurəti yoxdur.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:

İqtisadi aktivlik. Real sektor göstəriciləri pozitiv dinamikanı qoruyur. 2017-ci ilin 8 ayında qeyri-neft sektorunda 2,2 faizlik iqtisadi artım qeydə alınıb. O cümlədən qeyri-neft sənayesində 4,6 faiz, ticarətdə 1,8 faiz, turizmdə 2,6 faiz, rabitə və informasiya sahəsində 4,9 faiz artım müşahidə olunur. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş silsilə tədbirlər, dövlətin investisiya tələbi və xarici tələbin genişlənməsi iqtisadi artımın davam etməsində əhəmiyyətli rol oynayıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsini təsdiq edir.

Xarici balans və məzənnə. 2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində profisit qeydə alınıb. Bu neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 milyard ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5 faiz artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.

Profisitli tədiyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşaiyət olunur.

Monetar şərait. Dövr ərzində monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb. Pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 8 faizdən çox artıb. Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşaiyət olunur.
Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb. Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub.

Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14 faiz təşkil edib.

Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır.

İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələ ki pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə noyabrın 15-də müzakirə ediləcək.

www.yenicag.az

531
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM