Azərbaycan Mərkəzi Bankına seçkilərlə bağlı yeni səlahiyyətlər verildi.
Yenicag.az-ın xəbərinə görə bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Qanuna görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12 (I kitab), maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705; 2018, № 1, maddə 4, № 3, maddə 389; 2019, № 1, maddə 17, № 2, maddə 180; 2020, № 7, maddə 832) aşağıdakı dəyişikliklər edilir:
1. 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.
2. 97.2.2-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankından” sözləri ilə əvəz edilsin.
Dəyişikliklə xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası bundan sonra Mərkəzi Bankla razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.
Eləcə də, seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətlərinin tərkibinə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanları, müxtəlif təşkilat və idarələrlə yanaşı, Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər daxil edilir.
www.yenicag.az