Məşhur bəstəkardan QINAQ ATƏŞİ: “Köhnə mahnılara toxunmaq olmaz”
40-50 il əvvəl yazılan məşhur bəstəkar mahnılarımız müğənnilər tərəfindən bu gün yeni tərzdə, yeni aranjemanda oxunur ki, bu da sənətkarlarımız tərəfindən narazılıqla qarşılanır. Hətta bəzən mahnını o qədər dəyişirlər ki, tanıya bilmirsən.
Məşhur mahnılarımızı dəyişdirib yeni tərzdə oxumağa ehtiyac varmı?
Tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.
O, köhnə mahnıların yeni aranjemanda ifa olunmasını qəbul etmədiyini bildirib:
“Köhnə mahnıların yeni aranjemanda ifa olunmasının əleyhinəyəm. Həmişə də bu fikirdə olmuşam. Bəzi estrada mahnılar var ki yeni aranjemanda təqdim olunur və dinlənilir. Amma xalq mahnıları var ki, onları müasir tərzdə aranjeman edib oxuyurlar, bu, mənim heç də xoşuma gəlmir.
Qulağım buna alışıb və həmin mahnıları necə eşitmişəmsə, elə də qəbul edirəm və onların dəyişdirilməsini, yenilənməsinə qarşıyam. Amma ətrafımda elə adamlar var ki, yeni tərzdə ifalar onların xoşuna gəlir, bəh-bəh ilə dinləyirlər, gözəl fikirlər söyləyirlər. Təbii ki, zövqlər, fikirlər müxtəlifdir və zövqlər müzakirə edilmir. Heç mən də onların fikrinə qarşı çıxmıram, daha doğrusu, mübahisə etmirəm. Öz fikrimdə isə qalıram. Hesab edirəm ki, köhnə mahnılara toxunmaq olmaz”.
Cəvahir