!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur diktor: “Divanda oturub ayağını-ayağının üstünə aşırır” - Müsahibə

!Reklam – Yazi

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı ilin bu günündə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb.

Bayram günündə Yenicag.az Azərbaycan Milli Televiziyasının məşhur diktoru, əməkdar artist Tamilla Ələkbərova ilə həmsöhbət olub.

– Uzun illər Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərmisiniz. Bugün də o günlərin nostaljisi ilə yaşayırsınız?

– İllərimi, ömrümü bu peşəyə həsr etmişəm. Keçmiş mənim üçün hər zaman maraqlıdır və keçmişin adamı kimi o vaxtın televiziyasını daha çox bəyənirəm.

– Bəs bugünkü efir məkanında sizi daha çox nə qıcıqlandırır?

– Efir mədəniyyəti və dil qabiliyyətindən çox narazıyam. Efirlərdə özbaşınalıq aradan qaldırılsa, yaxşı olar. Bizim vaxtımızda çərçivələr vardı. Biz o çərçivədən kənara çıxa bilməzdik. Çıxsaydıq, dərhal cəzalandırılardıq.

– Elə hal olub ki, çərçivədən kənara çıxmısınız və buna görə sizi cəzalandırıblar?

– Saç düzümünə görə sədr tərəfindən məzəmmət olunmuşam. O vaxtlar müxtəlif saç düzümləri dəbdə idi. Mən də istəmişdim fərqli görünüm. Sədr yanına çağırıb deyib ki, saçını dara, abırlı formada efirə çıx.

– Geyimlərinizə də nəzarət olunurdu, elə deyilmi?

– Yayın cırhacırında biz uzunqol geyimdə efirə çıxırdıq. O vaxt indiki kimi deyildi, kondisionerlər də yox idi. İstidən boğulurduq. Oturuşumuza-duruşumuza fikir verirdik. İndiki bəzi aparıcılar kimi divanda oturub ayağımızı-ayağımızın üstünə aşırmırdıq. Mən rusdilli idim deyə bütün günü mütaliə edirdim ki, dilimdəki ləhcə bilinməsin. İndi bəzi xəbər aparıcıları var ki, rayon ləhcəsi ilə danışır. Rayonlarımıza qurban olum, ləhcələrinə də, amma efirin efir qanunları var axı.

– Yeri gəlmişkən, xəbər aparıcılardan kimləri bəyənirsiniz?

– Pərvin Əsgərli, Ceyhun Əli, Ceyhun Səfər, Lalə Azərtaşı çox bəyənirəm. Səs tembrləri gözəldir, efir mədəniyyətinə riayət edirlər.

– Bəs bəyənmədikləriniz?

– Bayram günü istəmirəm qanlarını qaraldım.

– Şou proqramlardan necə, razısınız?

– Şou verilişin də çərçivəsi olmalıdır. Yoxsa ki, şpaqat açırlar, atlanıb-düşürlər. İfrata varmaq düzgün deyil. Bəzən qonağı aşağılayan suallar verilir. Olmaz belə.

– Siz dəvət aldığınız hansısa verilişdə belə halla qarşılaşmısınız?

– Qarşılaşmamışam. Amma yanımda hər hansı qonağa aşağılayıcı sual verilsə, mən həmin aparıcının dərhal cavabını verərəm, iradımı bildirərəm. Ya da efiri həmin an tərk edərəm. Heç bir aparıcının ixtiyarı yoxdur ki, qonağını təhqir etsin, aşağılasın, onun hisslərinə, mənliyinə toxunsun. Aparıcı həmin an özünü düşünməli, özünü onun yerinə qoymalıdır. Onun anasını, bacısını, arvadını təhqir etsələr, neyləyərdi? Aparıcı onu izləyən yeni nəsil üçün bir nümunə olmalıdır. Hərəkətlərindən tutmuş, danışığına, geyiminə qədər insanların zövqünü oxşamalıdır.

– Heç gənc həmkarlarınız sizinlə məsləhətləşirmi?

– Olur. ATV-nin aparıcıları Lalə Azərtaş, Pərvin məsləhətləşir. Pərvin soruşur ki, necə danışdım, necə görünürdüm?

– Müxtəlif verilişlərlə yanaşı, uzun illər “Günün ekranı” proqramında xəbərlər oxumusuz. Yəqin yaddaqalan xəbərlər də az olmayıb. Bəlkə, oxuduğunuz ən acı və ən xoş xəbəri xatırlayasınız…

– Salatın Əsgərovanın ölüm xəbəri, bir də noyabrın 20-də baş verən təyyarə qəzası ilə bağlı oxuduğum xəbərlər məni çox sarsıdıb. İndi də dəhşətlə xatırlayıram. Yadımdadır, “Günün ekranı” xəbərlər proqramında efir redaktoru mənə oxumaq üçün Salatının ölüm xəbəri yazılmış mətni təqdim etdi. Həmin an şok oldum, xəbərləri mənimlə bərabər oxuyan Davud məni vəziyyətdən çıxardı. Halımın pisləşdiyini görüb, tez mətni oxudu. Məni studiyadan çıxardılar və təcili yardım maşını çağırıldı. Ən xoş xəbərim isə ulu öndər Heydər Əliyevin qayıdışı xəbərini oxumağım olub.

Cəvahir

www.yenicag.az

7880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv