Meteor yağışı olacaq
22 iyun – 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimum aktivliyinin iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi proqnozlaşdırılır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən o, məhz bu adla adlandırılır. Mütəxəssislər bildirirlər ki, Bakı səmasından baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda qalacaq, bu da müşahidə üçün olduqca əlverişli şərait yaradır.
Meteor yağışının mənbəyi 1819-cu ildə kəşf edilmiş və Günəş ətrafında təxminən 6.37 illik dövrlə hərəkət edən “7P/Pons-Winnecke” kometidir. Kometin öz orbiti boyunca buraxdığı toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsərkən bu möhtəşəm təbiət hadisəsi baş verir.
Bootid meteorları Yer atmosferinə təxminən 18 km/s sürətlə daxil olurlar. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən aşağı olduğu üçün, həmin meteorlar səmada daha yavaş hərəkət edən və arxalarında uzun izlər buraxan parlaq obyektlər kimi müşahidə edilə bilər.













