!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda təhlükəsizliyə əməl olunurmu? - ARAŞDIRMA - FOTO/VİDEO

!Reklam – Yazi

Dünən “TikTok” sosial şəbəkəsi üzərindən 39 yaşlı Roman Məmmədov adlı şəxs parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək, cinsi azlıqları hədələyib. 

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb və ilkin dindirilmə zamanı törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini qeyd edilib.

Həmin şəxsin kəsər alətlə metroya rahat şəkildə daxil olması müzakirələrə səbəb olub.

DİN-dən verilən açıqlamada bildirildi ki, həmin şəxs fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olur və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə edib:

“Bu gün insanlar ictimai nəqliyyatdan – avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olduğu görünür”.

“Bakı Metropoliteni” QSC-də təhlükəsizlik məsələsi necə təşkil olunmalıdır?

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metropolitendə təhlükəsizlik geniş məfhumdur:

“Konkret bu məsələ tam aydınlaşdırıldıqdan sonra “Bakı Metropoliteni” QSC-yə aid hansısa məsələ yaranarsa, mütləq ictimailəşdiriləcək. Lakin istər DİN-lə birgə, istərsə də Səhmdar Cəmiyyət tərəfindən hər gün sərnişindaşıma təhlükəsizliyi ilə bağlı məsələlər araşdırılır. Monitorinqlər aparılır və bunun nəticəsi kimi təhlillər olunur, tədbirlər görülür”.

“Bundan başqa, istənilən məsələyə həm də fərdi qaydada yanaşılaraq, konkret və ümumi planlı fəaliyyət də təmin olunur. Belə olmasa, metropolitenin nizamlı işini qurmaq mümkün olmaz”, – deyə o əlavə edib.

Deputat Arzu Nağıyev isə bildirib ki, metro strateji əhəmiyyətli obyektlərdən biridir:

“Hər gün milyonlarla vətəndaş oradan istifadə edir. Yaranmış hər hansı təhlükəsizliyə təhdid ciddi fəsadlara gətirib çıxara bilər. Fikrimcə, metro hüquq-mühafizə orqanları tərəfindən normal şəkildə qorunur. Ötən gün baş verən hadisə bir daha onu göstərdi ki, qeyri-adekvat addımları ilə özünü reklam edən şəxslər mövcuddur.

Onun kəsər alət ilə metroya daxil olması, insanları hədələməsi müəyyən fikirlər söyləməyə əsas verir. Təbii ki, DİN-dən bildirildi ki, o, iş alətidir və daim özü ilə daşıyıb. Siqaret alışqanı və yaxud digər məişətdə istifadə edilən cihazları ikili standartlara uyğun olaraq istifadə etmək mümkündür. Bununla da vətəndaşlara təhdid yaratmaq olar.

Həmin şəxsin aləti metroya keçirdiyi zaman bunu hansı məqsədlə etdiyi dəqiq araşdırılmalıdır. Ötən gün videogörüntü yayan şəxs saxlanılıb, amma gələcəkdə belə halların qarşısının alınması istiqamətində ciddi işlər aparılmalıdır”.

Deputat əhaliyə də müraciət edib:

“Vətəndaşlar da təhlükəsizliyə təhdidin olduğunu gördükləri zaman hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Bu gün hüquq-mühafizə orqanları əməliyyat şəraitinə tam nəzarəti bərpa edə bilib və bu kimi problemlərin qarşısını almağa qadirdir.

Amma “Bakı Metropoliteni” QSC-nin mühafizəsində də təhlükəsizliyə daha ciddi yanaşılmalıdır. Vətəndaşlar da başa düşməlidirlər ki, sosial şəbəkələrdə özünü reklam etmək adı ilə kiminsə təhlükəsizliyini tapdalamağa onlara kimsə haqq verməyib. Bu cür addım atmamışdan əvvəl bunu düşünmək lazımdır”./Oxu.az/

COP29

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv