MİDA-nın "uduzan" LOTEREYASI: "Agentlik rəqəmsallaşmanı buraxıb, Türkiyə kimi “TOPLARI” fırlatsın"
“MİDA proqramistləri sistemi manipulyasiya edilməyəcək formada qura bilmirlər.”
Bu fikirləri Yenicag.az–a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib.

Elvin Abbasov MİDA-nın son rəqəmsal lotereya oyununun bir daha iflas etməsinin səbəblərini qurumun özündə görür:
“Vətəndaşların həssas olduğu bu tip yarışlarda qalib gəlməyən insanlar adətən narazılıq edirlər ki, bu, təbii haldır. Çünki istənilən rəqəmsallaşmada insan faktoru var. Rəqəmsallaşmanı manipulyasiya etmək çox rahatdır. İstənilən bir qurum öz uduşunu nə qədər şəffaflaşdırsa da, qarşı tərəf də (hakerlər, dələduzlar) proqramlaşdırma ilə botlardan istifadə edə bilir. Məsələn, uduş keçirən qurum süni intellektdən istifadə edirsə, dələduzlar da həmin uduşları manipulyasiya etmək üçün daha yaxşı texnologiyalardan istifadə edə bilirlər. Buna görə də, rəqəmsallaşma nə qədər şəffaflaşsa da, uduş mexanizmlərində manipulyasiya yolları hər zaman açıqdır.”
Mütəxəssis beynəlxalq təcrübəni nümunə gətirir: “Beynəlxalq təcrübə onu göstərir ki, hələ də bəzi ölkələrdə vətəndaş narazılığı olan məqamlarda ənənəvi üsullardan istifadə edilir. Məsələn, Türkiyədə müxtəlif lotereyalarda şəffaf qabın içərisində hava ilə fırladılan toplar olur. Daha sonra topların bəziləri hava ilə şəffaf şəkildə gəlib düşür və nömrə ilə seçki keçirilir. Burda heç bir manipulyasiyaya yer olmur.”
E. Abbasov rəqəmsal lotereyalarla bağlı öz təklifini irəli sürür:
“Azərbaycanda təəssüf ki, bəzi qurumlar rəqəmsallaşmada xidməti tərəfi kənara qoyub, lotereya tərəfini inkişaf etdirmək istəyirlər. Hansı ki, lotereya tərəfində nə qədər şəffaflaşdırma olsa da, databazalar, kodlar qurumun əlindədir. Hər bir halda uduzan tərəf düşünür ki, qurum tərəfindən daxili müdaxilələr ola bilər, həm də haqsız qazanc əldə etmək istəyən tərəflər də müxtəlif yollarla sistemi manipulyasiya edərək məqsədlərinə çata bilərlər. İllərdir ki, hələ də 1-3 saniyə içərisində ev udanlar var. Fiziki olaraq mümkün olmayan prosesdir və bu prosesdə 3-5 saniyədə ev udan insanları sistem kənarlaşdırmalıdır. Bəllidir ki, MİDA proqramistləri sistemi manipulyasiya edilməyəcək formada qura bilmirlər.”
O, fikrini yekunlaşdıraraq qeyd edir ki, MİDA və ev alqı-satqısı edən digər fond və qurumlar lotereya məsələsində rəqəmsallaşmanı deyil, manual istifadəni də nəzərdən keçirməlidirlər:
“Rəqəmsallaşma inkişaflarını isə lotereyada deyil, digər xidmətlərdə göstərsinlər. Hər qurumun onlarca xidməti var və o xidmətləri tam rəqəmsallaşdırmaya çatdırsınlar, lotereyanı ən sonda düşünərlər.”
Nurlan Cəfəri












