Mikael Xaçatryan: “Karapetyan başda olmaqla heç bir vətəndaş dövləti hədələyə bilməz”
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İrəvan Şəhər Şurasındakı üzvü Mikael Xaçatryan İrəvan meriyasında jurnalistlərə verdiyi açıqlamada keçmiş hakimiyyətləri sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Xaçatryan bildirib ki, əgər hakimiyyət siyasi qisas almaq istəsəydi və ədalət hamıya bərabər tətbiq olunsaydı, bu gün Ermənistanın həbsxanalarında yer qalmazdı:
“Belə olan halda keçmiş hakimiyyətlərin korrupsiya, saxtakarlıq və xalqa qarşı dələduzluqlarına görə azadlıqda olmaları mümkün olmazdı”.
Xaçatryan iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı səsləndirilən “siyasi təqib” ittihamlarını da rədd edib:
“2018-ci ildən sonra Karapetyan başda olmaqla heç bir vətəndaş dövləti hədələyə və “öz metodlarımızla hərəkət edəcəyik” deyə bilməz”.
Qeyd edək ki, Xaçatryanın bu fikirləri Ermənistanda son günlərdə siyasi motivli həbslərlə bağlı yaranan müzakirələrin fonunda səslənib.