“Milli mədəniyyətimizin kifayət qədər təbliğ olunmaması gələcəkdə çox ciddi problem kimi qarşımıza çıxacaq”.
Bu fikirləri sosial şəbəkələrdə milli dəyərlərimizin təbliğinə daha geniş yer ayırılmasının vacibliyini önə çəkən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, televiziya və əksər media resurslarında olduğu kimi, sosial şəbəkələrdə də mədəniyyətimizin təbliği arxa plana keçib:
“Adətən, sosial şəbəkələrdəki bütün böyük səhifə və qruplarda gündəmə uyğun olan hansısa cari şəxslər və xəbərlər təbliğ olunur. Əlbəttə, biz gündəlik qayğılar içərisində “mövsümi şəxslər”ə mütəmadi zaman ayırsaq, mədəniyyətimizin kökü sayılan dəyərlərimizi təbliğ etməsək, bu gedişlə təbii ki gələcək nəsillərə heç nə ötürə bilməyəcəyik. Təəssüf ki, bu gün televiziya və digər media resursları yalnız reytinq arxasınca qaçmaqla məşğuldurlar.
Çağımızda sosial şəbəkələrin televiziyanı, saytları, qəzetləri üstələdəyini nəzərə alsaq, o zaman deyə bilərik ki, bu media resursları sosial şəbəkələr olmadan öz varlığını göstərə bilmir. Hesab edirəm ki, bu məsələdə həm qeyri-hökümət təşkilatlarının, həm də dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür.
Bu qurumlar sosial şəbəkələrdəki səhifələrini müasir tələblərə uyğunlaşdırmalıdırlar. Ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının sosial şəbəkə hesabları yalnız həmin nazirliyin rəhbərliyinin görüşlərinə, tədbirlərinə həsr edilməməlidir.
Qeyd olunan istiqamətdə Mədəniyyət Nazirliyinin üzərinə daha böyük iş düşür. Bu işlərə diqqət artırılmalı və dövlət qurumları dəyərli məlumatları öz izləyicilərinə müntəzəm çatdırmalıdır. Milli mədəniyyətimizin kifayət qədər təbliğ olunmaması gələcəkdə çox ciddi problem kimi qarşımıza çıxacaq”.
Aysel Hüseynqızı
www.yenicag.az