“Hazırda Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş 153 nəfər üçün onların özlərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir”.
Bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib
Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 15 nəfər Milli Qəhrəmanın özünə və 138 Milli Qəhrəmanın 162 nəfər ailə üzvünə (18 yaşına çatmamış uşaqlarına, 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, arvadına (ərinə) və valideynlərinə) olmaqla, ümumilikdə 177 nəfərə ödənilir.
““Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərin və ailə üzvləri üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur. Bunun üçün vətəndaşın müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır. Təqaüd (1800 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir”, – deyə məlumatda qeyd olunub.
www.yenicag.az