Millidə Ayxan Abbasov ERASI: “AFFA bu şansı verməyə məcburdur”
“Ayxan Abbasovun milliyə təyinatı hələ rəsmi deyil. Bu barədə o, “Şamaxı”-“Araz-Naxçıvan” matçından sonra oyunsonrası mətbuat konfransında danışıqlar getdiyinə dair müəyyən işarələr vurmuşdu, amma ortada hələ rəsmi bir şey yoxdur. Sadəcə ehtimal böyükdür ki, bu iş Ayxan Abbasova tapşırılacaq”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Kənan Məstəliyev deyib.
O, Ayxan Abbasovun millinin sükanı arxasına keçməsi ilə bağlı yayılan informasiyalar və gözlənilən sözügedən təyinatla bağlanan səslənən fikirlərə münasibət bildirib.
Prosesi şərh edən mütəxəssis düşünür ki, Ayxan Abbasovun milliyə gəlməsi doğru təyinatdır:
“Hətta deyərdim ki, gecikmiş təyinatdır. Azərbaycan millisi çoxdan yerli məşqçiyə tapşırılmalı idi. Çünki Azərbaycan milli komandasının futbolçu kontingentinə əcnəbi məşqçi lazım deyil. Bu komandanın futbolçularının həm mənəvi, həm fiziki olaraq nə istədiklərini yalnız yerli məşqçi daha yaxşı başa düşə bilər. Çünki bizim futbolçular hələ dünya səviyyəsində çempionatlarda iştirak etmirlər. Nəinki “böyük beşlikdə”, ümumiyyətlə, beynəlxalq arenada legioner həyatı yaşayan, möcüzələr yaradan futbolçularımız yoxdur. Ən azından bizdə 20-25 nəfər belə futbolçu olsaydı, başa düşmək olardı ki, onların oynadıqları çempionatlarda futbolun səviyyəsi elədir ki, oradakı yenilikləri yalnız həmin mühitdə, işin içində olan tanınmış mütəxəssis milli komandaya gətirə bilər”.
K. Məstəliyevə görə, indiki halda futbolçuların dilini azərbaycanlı məşqçi daha yaxşı bilər:
“Biz bunu Ukrayna ilə oyunda gördük. Cəmi 24 saat ərzində Ayxan Abbasov komandanın motivasiyasını düzəldərək Ukrayna kimi rəqiblə heç-heçə nəticə qazanmağımıza şərait yaratdı. Ayxan Abbasov çox yaxşı mütəxəssisdir, bacarıqlı menecerdir. Onun çalışdığı bütün komandalar əvvəlkindən daha yaxşı səviyyəyə yüksəlib. Hazırda Azərbaycan milli komandası böhrandadır və bu böhrandan çıxarmaq üçün ən ideal namizəd məhz Ayxan Abbasovdur. O bacarıqlıdır, istəklidir, əzmlidir”.
Sonda mütəxəssis onu da söyləyib ki, Ayxan Abbasovun təyinatında AFFA doğru seçim edib:
“Şans məsələsinə gəlincə, AFFA bu şansı verməyə məcburdur, başqa yolu yoxdur. Çünki milli komandaya dünyanın ən güclü xarici məşqçilərini gətirsə də, heç bir nəticə əldə olunmayacaq. Buna qədərki təcrübəmiz bunu deməyə əsas verir. Odur ki, ən azı qarşıdakı beş il ərzində yerli məşqçilərə etimad göstərilməlidir. Ayxan Abbasovdan sonra, ümid edirəm ki, işlər uğurlu gedəcək, Rəşad Sadıqov və digər yerli mütəxəssislər də milli komandanı irəli aparacaqlar. Sonra 3-5 ildən sonra duruma görə xarici məşqçi məsələsi düşünülə bilər. Amma hazırkı məqam üçün Ayxan Abbasovun gətirilməsini ən ideal variant hesab edirəm”.
Rafi Müslümov