Millimizin Estoniya qazancı: Kipr geridə qalacaq
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə oyunlardakı nəticələrinin yığmanın FIFA reytinq cədvəlinə necə təsir edəcəyi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, rəqib meydanında estonlar üzərində 2:0 hesablı qələbə yığmanın 13,1 xal qazanması ilə nəticələnib.
Bakıda Avstriyaya minimalhesablı (0:1) məğlubiyyətə görə isə komanda xal itirib. Bu məğlubiyyət millinin aktivindən 4,3 xalın silinməsinə səbəb olub. Ümumilikdə, millinin qazancı 8,8 xal olub.
Beləliklə Azərbaycan yığmasının xalı 1156,5-ə çatıb. Bunun sıralamada konkret hansı dəyişikliyə səbəb olacağını demək çətindir. Lakin komandanın azı bir pillə irəliləyəcəyini təxmin etmək olar. Çünki 120-ci sıradakı Kipr son iki oyunu da məğlub başa vurub və geriləyəcəyi dəqiqləşib.
Xatırladaq ki, Azərbaycan millisi hazırda FIFA sıralamasında 121-cidir. Yeni cədvəl oktyabrın 26-da açıqlanacaq./oxu.az