“Miqrant dəllallarına inanmaq olmaz”
Yenicag.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəyə qaytarılan miqrantlarla bağlı REAL TV-yə müsahibə verib. O, bildirib ki, Avropa Birliyilə readmissiya sazişi imzalanandan sonra 1385 nəfər geri qaytarılıb və hələ daha bu qədərinin qaytarılacağı da gözlənilir.
Qaytarılan şəxslərin sonrakı taleyilə bağlı prosedurlara toxunan Vüsal Hüseynov deyib ki, onlarla söhbət aparılır, ehtiyacları öyrənilir, bundan sonra isə sərbəst buraxılırlar. Onların 33 faizilə bağlı müvafiq dəstək tədbirləri də görülüb – yəni ailələrin təhsil, səhiyyə kimi ehtiyaclarının ödənilməsi təmin olunub.
Xarici dövlətdən sığınacaq almaq prosedurunun detallarını izah edən xidmət rəisi göstərib ki, bu, heç də “miqrasiya dəlalları”nın insanlara təsvir etdiyi qədər asan və sadə deyil. Buna görə də, onların şirnikləndirici təkliflərinə və vədlərinə inanmaq olmaz. Qaytarılan şəxsləri müxtəlif növ etirazlara həvəsləndirən də elə həmin “miqrasiya dəlalları” olurlar. Çünki onlar düşünürlər ki, bu yolla xarici dövlətin müvafiq qurumunun öz qərarını dəyişdirməsinə nail olmaq mümkündür. Amma bu, çox ciddi səhvdir.
“Heç bir dövlət öz miqrasiya qanunvericiliyini əcnəbilərin marağına uyğunlaşdırmır. Onlar üçün əsas öz vətəndaşlarının maraqlarıdır”,- deməklə bu haqdakı yanlış təsəvvürləri dağıdan Vüsal Hüseynov əlavə edib ki, Azərbaycan tərəfi də öz növbəsində, bizim vətəndaşların saxta sənədlər və uydurma “əsaslar”la xarici dövlətlərdən sığınacaq almasında maraqlı deyil.
Sonda vətəndaşların “miqrant dəllalları”nın toruna düşməməsi üçün Vüsal Hüseynov bəzi vacib məsələlərə də aydınlıq gətirərək, tövsiyə edib ki, əgər kimsə hansısa Avropa dövlətinə getmək istəyirsə, bunun leqal yollarından istifadə etsin. Çünki saxta yollarla sığınacaq almaq yaxşı sonluğa gətirməyəcək.
Miqrasiya xidmətinin rəisi həmçinin xatırldıb ki, bu gün qonşu dövlətlərdən – Ermənistan və Gürcüstanda Avropaya miqrasiya etmək istəyənlər Azərbaycanla müqayisədə 4-5 dəfə çoxdur. Ölkələrin əhalisinin sayını da nəzərə alanda, bu, üç ölkədəki vəziyyətlə bağlı çox ciddi mənzərə yaradır.