Mövcud quraqlıq nəticəsində elektrik enerjisi çatışmazlığı ilə üzləşən Zambiyanın mədənçıxarma sənayesində vəziyyətlə bağlı artan narahatlıqlar fonunda misin qiyməti London Metal Birjasında (LME) son 11 ayda ilk dəfə olaraq bir ton üçün 9 min dolları ötüb.
Yenicag.az xəbər verir ki, treyderlər yaxın həftələrdə Zambiyada mis mədənlərinin işində fasilələrin yarana biləcəyini istisna etmirlər. Zambiya hakimiyyəti fevralın 29-da şiddətli quraqlıq səbəbindən milli fəlakət elan edib. Böyük məhsul itkiləri ilə yanaşı, quraqlıq çayların səviyyəsinin aşağı düşməsinə səbəb olub ki, bu da su elektrik stansiyalarında enerji istehsalının sürətlə azalmasına səbəb olmaqda davam edir.
Avstraliyanın “Macquarie” maliyyə qrupunun mütəxəssisləri hesab edirlər ki, bu il dünya bazarında həm mis konsentratı, həm də təmizlənmiş metal qıtlığı yaranacaq. Onların hesablamalarına görə, 2024-cü ilin üçüncü rübündə bir ton misin qiyməti pik həddinə – 9,5 min dollara çatacaq.
Citibank-ın analitikləri 2025-ci ilə qədər misin bir tonunun qiymətinin 15 min dollara çatacağını istisna etmirlər. Onların fikrincə, misə qlobal tələbatın artmasına bir çox ölkələrin həyata keçirməyə başladığı enerji keçidi təkan verəcəkdir.
www.yenicag.az