MİT-dən gizli Gülən hesabatı – “Azərbaycana o böhtanı kim atdı” sualının cavabı
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Gülən-Heydər Baş qovğası ilə bağlı hesabat hazırlayıb. Yenicag.az “Sözcü” qəzetinə istinadən bildirir ki, 2006-cı ildə MİT Türk Ordusuna və Hökumətə bu barədə “gizli” məlumat verib. “Heydər Baş-Gülən qrupları arasında gərginlik” adlı hesabatda bildirilir ki, Heydər Baş Gülənin xarici dövlətlərin kəşfiyyat qurumları və Vatikanla gizli əlaqələrinə dair CD-lər paylamaqdadır. Gülən isə Heydər Başın özəl həyatını hədəf seçməkdədir.
MİT-in hesabatında deyilir:
“Gülən Camaatı 2005-ci i ildə H.Başın xüsusi həyatı və tarixi ilə əlaqədar olaraq
www.haydarbasharemi.com adlı bir internet saytı quraraq, həmin saytda H.Baş haqqında, ‘professor’ ünvanını necə aldığı, çox arvadlılığı və ailə həyatı, qadın təriqət mənsublarına qarşı əxlaqsız davranışları, ticarət fəaliyyəti, missiyası, tanınmış insanlara qarşı söyüşləri (öz səsi və görüntüləriylə), başlıqları altında müxtəlif iddialara yer verirlər… ”
Qeyd edək ki, hələ 2007-ci ildə Haydar Başın Azərbaycandakı adamı Harun Kayacı Bakıda həbs olunarkən, “Yeni Çağ” bunun Gülən-Baş qovğası ilə bağlı olduğunu yazmışdı. Çünki “Vatikanın Troya atı” adlı CD-lər Bakıda Heydər Başın müridləri tərəfindən şəhərdə paylanırdı. Həmin CD-lərdə Gülənin xristianlarla əlaqəsi ciddi şəkildə deşifrə olunurdu. Gülən bundan narahat olduğu üçün o zaman dövlət içindəki gücündən istifadə edərək, Harun Kayacını həbs etdirdi, Başın buradakı camaatını da pərən-pərən saldı.
MİT hesabatında diqqət çəkən ikinci məqam Başın “professor”luğu ilə bağlıdır. Bu barədə Türkiyədə bir çox insanın dilində dolaşan “pul ilə diplom alma” hekayəsinin də Gülən camaatından çıxdığını ilk “Yeni Çağ” yazmışdı. Çünki bütün bu söhbətlər Heydər Başla Gülənin arasındakı mübarizədən sonra başladı. Gülən rəqibini gözdən salmaq üçün ona Türkiyədən daha geniş imkanlar yaradan Azərbaycan təhsilini gözdən salmaqdan çəkinməyib.
Üçüncü məqam isə Gülənin siyasi mübarizədə şəxsi həyat və qurşaqaltı zərbələrdən istifadə etməsidir. Bu bir daha göstərir ki, Paralel Dövlət Şəbəkəsi üçün mübarizədə əxlaq qaydaları deyə bir şey yoxdur…
Yenicag.az