Müdafiə Nazirliyi Azərbaycan Ordusunun 100 illik yubleyi münasibətilə bir qrup jurnalisti Fəxri Fərmanla təltif edib.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev bununla bağlı keçirilən tədbirdə ordu ilə mətbuatın əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə mətbuat arasında sıx əməkdaşlıq qurulub, mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir: “Düşmənə qarşı informasiya müharibəsi ən vacib istiqamətlərdən biri sayılır. Son illərdə Ermənistanın yalançı informasiya təbliğatını darmadağın edən xeyli işlər görülüb”.
K.Vəliyev həmçinin bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuatla əməkdaşlığa xüsusi önəm verir.
Tədbirdə çıxış edənlər Müdafiə Nazirliyi ilə mətbuat arasında əməkdaşlığı əhəmiyyətini qeyd ediblər, bununla bağlı təkliflər irəli sürüblər.
Sonda Azərbaycanda həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubleyi münasibətilə bir qrup jurnalistə Fəxri Fərman təqdim edilib. Jurnalistlərin təltif olunması ilə bağlı qərarı müdafiə naziri general-polkovnik Zakir Həsənov imzalayıb.
www.yenicag.az