“Moody’s” beynəlxalq reytinq agentliyi bu gün 5 Azərbaycan bankına – “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” ASC, “Xalq Bank” ASC, “Bank Respublika” Səhmdar Kommersiya Bankı və “Bank of Baku” ASC-yə qarşı reytinq tədbirləri həyata keçirib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd edilib.
Bu reytinq tədbirləri Azərbaycan hökumətinin uzunmüddətli “Ba1” emitent reytinqi üzrə proqnozun “sabit”dən “müsbət”ə dəyişməsindən və ölkənin makroprofilinin “Zəif-”dən “Zəif” səviyyəsinə yüksəlməsindən sonra baş verib ki, bu da ölkənin iqtisadi dayanıqlığının yaxşılaşması fonunda Azərbaycan bankları üçün əməliyyat mühitinin möhkəmlənməsi və bankların ödəmə qabiliyyətinin və likvidliyinin sabit yüksək göstəriciləri ilə bağlıdır.
“Moody’s” reytinq fəaliyyətlərinə əsasən, Azərbaycan Beynəlxalq Bankının əsas kredit qabiliyyətinin qiymətləndirməsi (BCA) və korrektə olunmuş BCA “b1″dən səviyyəsindən “ba3″ə, “Xalq Bank” və “Bank of Baku”nun BCA və korrektə olunmuş BCA “b2″dən “b1″ə yüksəldilib, “Kapital Bank”ın BCA reytinqi “ba3” səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib və “Bank Respublika”nın BCA reytinqi “b2” səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib.
Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri “Ba3″dən “Ba2″yə, “Xalq Bank”ın – “B1″dən “Ba3″ə, “Bank Respublika” və “Bank of Baku”nun – “B2″dən “B1″ə yüksəldilib və “Kapital Bank”ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri “Ba2” səviyyəsində təsdiqlənib. Həmçinin “Kapital Bank” və “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz “stabil”dən “müsbət”ə dəyişdirilib, “Xalq Bank” və “Bank of Baku”nun – “müsbət”dən “stabil”ə dəyişdirilib və Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə “müsbət” proqnoz saxlanılıb.
www.yenicag.az