Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada baş tutan görüşünün əsas nəticələri bölgədəki nəqliyyat qovşağının bərpasını əhatə edir.
Yenicag.az xəbər verir ki, Rusiyanın “Коммерсантъ” nəşri Moskvada əldə olunan razılaşmanı və buna uyğun olaraq cızılan kommunikasiya xətlərinin əks olunduğu yeni xəritə yayımlayıb.
Xəritədə Azərbaycan-Ermənistan sərhədi dəqiq göstərilməklə yanaşı, Qarabağda ermənilərin yaşadıqları ərazilər “Rusiya sülhməramlılarının nəzarətində” olan ərazilər kimi qırmızı rənglə xüsusi fərqləndirilib.
“Коммерсантъ”ın dərc etdiyi materialda liderlərin Moskva görüşündə əsas razılaşmanın “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması” və bununla bağlı üçtərəfli işçi qrupun yaradılması olduğu vurğulanıb.
Qeyd olunur ki, burada söhbət əsasən, iki istiqamətdən gedir. Birincisi, Azərbaycanın əsas ərazisini Ermənistanın Sünik vilayətindən keçməklə, Naxçıvanla birləşdirən dəhliz. İkincisi isə İrəvandan Sünikə Naxçıvandan keçən dəmir yolu. Xatırladılır ki, bu marşrutlardan Sovet dönəmində intensiv istifadə olunsa da, Qarabağ münaqişəsinin başlaması ilə onların fəaliyyəti dayandırılıb.
İddia olunur ki, Moskvada imzalanmış müvafiq sənəd nəzəri baxımdan, tərəflərin hər birini razı salmalıdır. Yəni Azərbaycana Naxçıvan və Türkiyəyə, Rusiyaya Türkiyə və Ermənistana, Ermənistana isə Rusiya və İrana keçid üçün yol lazımdır.
Moskvada cızılan marşruta nəzər saldıqda görürük ki, bundan sonra Ermənistandan Rusiyaya sərnişin və yük daşımaları məhz Azərbaycan ərazisindən həyata keçiriləcək.
www.yenicag.az