Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əəsgərov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırıb və əsassız hesab edilib”.
MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.