Müdafiə Nazirliyinin snayperçilərin şəkillərini yaymasını… – Ekspertlər şərh edir
Üzeyir Cəfərov: “Prezidentin imzaladığı sənədə daban-dabana zidd hərəkətdir”
Azad İsazadə: “Qadağa yoxdur, amma məqsədəuyğun da deyil”
Bir müddət bundan öncə Müdafiə Nazirliyi tərəfindən qadın snayperimizin foto gürüntüləri verilib. Hansı ki, əslində, bu məxfi qalmalıdır. Görəsən, qadın snayperlərimizin şəkillərinin Müdafiə Nazirliyi tərəfindən göstərilməsi nə dərəcədə doğrudur?
Yenicag.az-a açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov belə görüntülərin verilməsinin yolverilməz olduğunu söylədi: “Təəssüf edirəm ki, son günlər Müdafiə Nazirliyində məxfiçilik məsələsinə cavabdeh daşıyan şəxslər kobud səhvlərə yol verirlər. Bu səhvlər ötən ilin avqustunda baş vermiş məlum hadisələrlə əlaqədar Prezidentin imzaladığı sənədə daban-dabana zidd hərəkətdir. Azərbaycanda indiki məqamda qadın snayperin fotosesiyasını vermək hər halda arzuolunan deyil. Hərbi Dəniz Qüvvələrinin açılışı mərasimində də ciddi kobud səhvlərə yol verildi. Düşmən illərlə vəsait sərf edir ki, Azərbaycanla bağlı məlumatlar əldə edə bilsin. Görün nə qədər məsuliyyətsiz, vəzifə borcuna səhlənkar yanaşan insanlar var ki, o ərazilərin tam açıq video görüntüsünü dərc edirlər. Azərbaycanın qadın snayperi Vüsalə Məmmədova ilə bağlı yazı gedib. Burada jurnalistləri günahlandırmıram. O şəxsləri günahlandırıram ki, hansısa işlər görür, amma “qaş düzəltdiyi yerdə, göz çıxartdıqları” ortaya çıxır. Belə hallar yolverilməzdir. Nazir döyüş bölgəsinə gedir, yazırlar ki, döyüş bölgəsində oldu. Amma bu zaman onun yanında mülkü formada olan şəxsin hansı rayon icra başçısı olması ilə nazirin də hansı rayondakı hərbi hissədə olduğu bilinir. Belə səhvlərə yol verilməməlidir. Bütün bu məsələlərlə bağlı ölkənin müdafiə və təhlükəsizliyinə cavabdehlik daşıyan qurumların diqqətinə çatdırmışam və çatdıracağam. Qadın snayperin fotogürüntüsünü yayır, az qala onun ünvanını da göstəririksə, bunlar olmaz. Bir yandan məxfiliyin qorunmalı olduğunu deyir, eyni zamanda, qoşun növünün dislokasiya yerini, onun foto, video görüntülərini yayımlayırıq. Bu məsələdə diqqətli və ehtiyatlı olmalıyıq”.
Digər hərbçi ekspert Azad İsazadə də ümumən snayperin şəklinin verilməsini məqsədəuyğun hesab etmədi: “Ümumiyyətlə snayperlər adətən sıravi əsgər və ya çavuşlar arasından seçilir. Bundan başqa, müqavilə əsasında müddətdən artıq hərbi xidmət keçənlər arasından da seçilə bilərlər. Snayperlərin şəklinin afişa edilməsi barədə birmənalı qadağa yoxdur. Amma bununla belə məsləhət görülmür. Lakin belə şəkillərin periodik olaraq verildiyini də görürük. Əsas o deyil ki, şəkildə görünən real olaraq snayper olsun. Burada snayper gürüntüsündə rol oynayan bir başqa insan da ola bilər. Bütün hallarda peşəkar snayperin şəklini göstərmək məqsədəuyğun deyil”.
ELÇİN