Müəllimləri pul verib, işsiz qalmaq gözləyir? - Təhsil ekspertindən nazirliyin ünvanına SƏRT SÖZLƏR
Son dövrlər müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının ödənişli olması ilə bağlı qərar təhsil ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Məsələ təkcə imtahan rüsumu deyil, bütövlükdə müəllimliyə aparan yolun necə daraldılması ilə bağlıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov bu qərarın arxasında nə iqtisadi, nə pedaqoji, nə də sosial əsasın olduğunu bildirərək mövcud mexanizmin sistemli problemlərini önə çəkir.

“Bu qərarın iqtisadi əsası yoxdur”
Ekspertin fikrincə, MİQ imtahanlarının ödənişli olması iqtisadi arqumentlərlə əsaslandırıla bilməz. O vurğulayır ki, imtahanların təşkili üçün çəkilən xərclər heç vaxt şəffaf və real hesablamalarla ictimaiyyətə təqdim edilməyib:
“’1 iştirakçıya düşən xərc” anlayışı MİQ üçün keçərli deyil. Kompüterlər birdəfəlik alınır və illərlə istifadə olunur. Test tapşırıqlarının hazırlanması davamlı və böyük maliyyə yükü yaratmır. İmtahan binaları ayrıca icarəyə götürülmür, kommunal xərclər xüsusi olaraq artmır”.
Kamran Əsədov qeyd edir ki, nəzarətçilərin bir hissəsi könüllülərdir, digər hissəsi isə onsuz da dövlətin əməkhaqqı verdiyi pedaqoji və inzibati heyətdir. Bu mənada MİQ-in “dövlət büdcəsinə ciddi yük” olması iddiası reallığı əks etdirmir.
“Əsl problem MİQ-in öz mövcudluğudur”
Ekspert məsələyə daha dərin prizmadan yanaşır və bildirir ki, problem təkcə ödəniş deyil, MİQ imtahanının bu formada mövcud olmasıdır. Onun fikrincə, dövlət sifarişi ilə oxudulan minlərlə pedaqoji kadrın taleyi əvvəlcədən planlaşdırılmır:
“Hər il ali məktəblərə 10 mindən çox dövlət sifarişli yer ayrılır. Dövlət bir tələbəyə 4 il ərzində minimum 10–12 min manat xərcləyir. Bəs bu müəllim konkret hansı məktəb, hansı ehtiyac üçün hazırlanır?”
Əgər real sifariş yoxdursa, deməli, dövlət vəsaiti plansız şəkildə xərclənmiş olur. Əgər sifariş varsa, onun məntiqi davamı olaraq avtomatik və ya yarı-avtomatik işə qəbul mexanizmi qurulmalıdır.
“Dünyada bu zəncir qırıq deyil”
Kamran Əsədov vurğulayır ki, bir çox ölkələrdə o cümlədən region ölkələrində pedaqoji kadr hazırlığı ilə işə qəbul bir-biri ilə zəncirvari bağlıdır. O, İran nümunəsini xatırladaraq bildirir ki, orada müəllim hazırlığı birbaşa sistem daxilində planlaşdırılır. Azərbaycanda isə bu zəncir illərdir qırıq vəziyyətdədir.
“Ödənişli imtahan DİM-in işi ola bilər, nazirliyin yox”
Ekspert qanunvericilikdə dəyişiklik edildiyini inkar etməsə də, idarəetmə fəlsəfəsinə diqqət çəkir. Onun sözlərinə görə, kütləvi imtahanların ödənişli keçirilməsi funksional baxımdan Dövlət İmtahan Mərkəzinə (DİM) uyğundur:
“DİM publik hüquqi şəxsdir və xidmətlər göstərməklə maliyyəsini formalaşdırır. Elm və Təhsil Nazirliyi isə siyasət həyata keçirən icraedici qurumdur. Belə bir qurumun kütləvi imtahanları ödənişli etməsi doğru yanaşma deyil”.
“Bu addım keyfiyyətə və ədalətə zərbə vurur”
MİQ-in ödənişli olması, ekspertin fikrincə, həm iştirakçı sayına, həm də ümumi keyfiyyətə mənfi təsir göstərəcək. Çünki imtahanda iştirak edənlərin cəmi 8–10 faizi işlə təmin olunur. Vakansiyalar məhduddur və minlərlə yüksək bal toplamış namizəd sadəcə yer olmadığı üçün kənarda qalır.
“İndi insanlar belə düşünəcək: onsuz da iş yoxdur, niyə imtahana pul verim? Bu isə xüsusilə regionlarda yaşayan, maddi imkanı zəif olan gənclərin prosesdən kənarda qalması deməkdir”.
Güzəştli kateqoriyaların mövcudluğu isə problemin mahiyyətini dəyişmir.
Pullu MİQ çıxış yolu deyil
Kamran Əsədovun qənaəti qətidir: “MİQ-in ödənişli edilməsi nə müəllim peşəsinin nüfuzuna xidmət edir, nə təhsildə keyfiyyət artımına, nə də sosial ədalət prinsipinə uyğundur. Əksinə, bu addım müəllimliyə gedən yolu daha da daraldır, motivasiyanı azaldır və sistemdə illərdir mövcud olan boşluqları daha da dərinləşdirir.
Pullu MİQ doğru deyil – nə iqtisadi, nə sosial, nə də uzunmüddətli təhsil siyasəti baxımından”.
Camal Cavanşir












