Muğamatın Arifi – O səs heç vaxt SUSMAYACAQ
Doğma Qarabağın Ağdam şəhərində, Sarıhacılı kəndində dünyaya göz açmışdı. Amma həm cismani, həm də ruhi olaraq bütün Azərbaycana məxsus idi.
Doğma kəndindən, Qarabağından 30 il ayrı qalsa da, qəlbi hər zaman o torpaqlarda döyünürdü. Nəhayət, uşaq vaxtı ayaq basdığı, şaqraq səsi ilə muğam səsləndirdiyi doğma yurda qayıtdı, Qarabağın havasını doyunca ciyərlərinə çəkə bildi.
Sonuncu müsahibəmizdə ona “Ən böyük arzunuz nədir?” – deyə soruşduqda, belə cavab vermişdi:
“Arzular çoxdur, insanın həyatı boyu arzuları heç vaxt tükənmir. Amma ən böyük arzum torpaqlarımızın azad olunması idi. Bu arzuma çatdım. Qarabağ azaddır, doğma yurda gedib-gəlirəm. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.”
Elə bu dünyadan da xoşbəxt köçdü Muğamatın Arifi – ustad sənətkar Arif Babayev. Sənətkarlar ölmür, yalnız cisimləri bu dünyadan gedir. Bu gün muğamatın Arifinin yaddaşlara əbədi həkk olunan ikinci ömrü başlayır. Nə qədər ki, muğamımız yaşayır, Arif Babayev də yaşayacaq. Onun səsi – İlahi tərəfindən Azərbaycan xalqına bəxş olunmuş bir hədiyyə idi. Bənzərsiz və təkrarolunmaz səsi ilə yaddaşlara əbədi həkk olundu.
Onun sənətini vəsf etmək üçün sözlər yetərli deyil. Çünki Arif Babayevin sənəti qarşısında dünyanın ən gözəl sözləri belə aciz qalır. Bu gün çoxları onun haqqında danışacaq, xatirələrini bölüşəcək, bir çox sənətçi onun sənətini vəsf etməyə çalışacaq. Amma inanın ki, heç bir söz ustad xanəndənin oxuduğu o şaqraq muğamlar qədər təsirli ola bilməz. O sözlər nə onun “Segah”ı, nə “Şur”u, nə də “Çahargah”ı və “Qarabağ şikəstəsi” qarşısında eşidilər olacaq.
Odur ki, gəlin susaq… Bu sükutun içində ustad sənətkarımız oxusun.
Cəvahir