“Buna görə də aparıcılar həmin müğənnilərin üzünə qapılar açır, yollarında yaşıl işıqlar yandırırlar”.
Bunu Yeniçag.az-a açıqlamasında tanınmış müğənni Bəturə Hüseynova deyib.
O, səsi, sənəti olmayan, sosial şəbəkələr üzərindən məşhurlaşan müğənniləri tənqid atəşinə tutub. Onların telekanallara dəvət alıb, yuxarı başa keçirilməsində daha çox aparıcıları günahlandırıb:
“Koroğlunun bir sözü var, silah çıxdı, igidlik öldü. Artıq insanlar sənət naminə heç bir iş görmək istəmirlər. Elə sosial şəbəkələr üzərindən işlərini həll edirlər. Təbii ki, hər kəsə şamil etmək olmaz, amma əksəriyyət belədir.
Onları irəli aparansa puldur. Nə yazıqlar ki, bizim telekanallarda bir çox aparıcılarımız bu işi pulla gördüklərinə görə, musiqidən anlayışı olmayan, notdan, laddan xəbərsiz, heç bir təhsil görməyən o cür oxuyanlar sənətkar kimi təqdim olunur, verilişlərdə yuxarı başa keçirilir.
Dediyim o aparıcılar həmin müğənnilərin üzünə qapılar açır, yollarında yaşıl işıqlar yandırırlar. Təbii ki, pullarının qarşılığında başlayırlar onları tərifləyib, göylərə qaldırmağa: “Səndən yoxdur, sənətkarsan, trend nədir e, trenddən də yüksəklərdəsən” və s. Bunun günahı da özümüzdədir. Səhvlərimizin nəticəsidir ki, o cür ifaçılar hər vasitə ilə telekanallara, hər cür verilişlərə soxula bilirlər. Təəssüflər olsun ki, söylədiklərim acı reallaqdır. Nəticədə də sənətkar sözü bəsitləşdi. Mən belə hesab edirəm ki, bir məhsulun nə qədər reklamını edərsənsə, o məhsul keyfiyyətsizdir, demək”.
Cəvahir
www.yenicag.az