Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə ölkəmizdəki dini və milli icmaların nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov 35 il əvvəl baş vermiş 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şərəflisəhifələrindən biri olduğunu qeyd edib. İcraçı direktor 20 Yanvar faciəsinə yol açan siyasi səbəblərdən danışıb. Diqqətə çatdırıb ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin Azərbaycan xalqı Vətənin suverenliyi və bölünməzliyi uğrunda möhkəm dayandı.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvarda və sonrakı günlərdə şahidi olduğu acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Digər çıxış edənlər, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopuAleksiy Smirnov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və“Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu diqqətə çatdırıblar.
www.yenicag.az