Münaqişədən DANIŞIQLARA: İsrail və ABŞ nə əldə ETDİ?

media-hightechnic-468x90

“İran və İsrail arasında davam edən 11 günlük müharibənin əsas səbəbi, təbii ki, İranın nüvə potensialının sıradan çıxarılması idi və bu məqsədə qismən də olsa, nail olundu”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Analitik İran və İsrail arasında elan olunmuş atəşkəs və 11 günlük hava savaşının siyasi səbəblərini izah edib.

Onun sözlərinə görə, İsrail aktiv şəkildə İranın nüvə obyektlərini bombaladı və sonda İsrailin texniki imkanları xaricində yerləşən və məhv edilməsi çətin olan Fordo nüvə obyektinə ABŞ tərəfindən zərbə endirildi:

“Hərçənd bəyan edilir ki, həmin obyektlərdəki zənginləşdirilmiş uran öncədən çıxarılıb və başqa yerə köçürülüb, amma obyektlərin özünün sıradan çıxarılması İranın bu istiqamətdə fəaliyyətini bir neçə il geri saldı. Çünki həmin sahələrdə yenidən infrastruktur qurmaq üçün ciddi vaxt və resurs tələb olunur, mövcud infrastruktur isə tamamilə dağıdılıb”.

“Bundan əlavə, İsrail həm də İranın nüvə proqramında çalışan alimlərini və hərbi rəhbərliyindəki bəzi şəxsləri aradan götürməklə İranı bu istiqamətdə xeyli zəiflətdi. ABŞ-nin bu proseslərə qoşulması və Fordo da daxil olmaqla digər nüvə obyektlərinə birbaşa hücumlarda iştirakı gözlənilən idi. Çünki ABŞ imic baxımından belə bir əməliyyatda iştirak etməyə məcbur idi. Bu addım ABŞ daxilində mühafizəkar dairələrin mövqeyi ilə üst-üstə düşdü və ölkə rəhbərliyinin reytinqinə müsbət təsir göstərdi. Həmçinin ABŞ-nin bu əməliyyatda hər nə qədər qısa müddətli olsa da, iştirakı İsrail qarşısında mövqelərini gücləndirdi və “əzəli və əbədi müttəfiq” obrazını möhkəmləndirdi”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz əmindir ki, İranın cavab zərbələri endirməsi isə tamamilə gözlənilən idi və bu, İranın imic baxımından vacib addımı sayılırdı:

“ABŞ münaqişəyə qoşulduqdan sonra İran rəsmən bəyan etmişdi ki, ABŞ əsgərləri artıq legitim hədəfə çevrilib və buna uyğun olaraq, İran da müəyyən hərbi bazalara zərbələr endirmək məcburiyyətində qaldı. Böyük ehtimalla, ABŞ də bu ehtimalla əvvəldən hesablaşmış və müəyyən xəbərdarlıqlar almışdı. Beləliklə, müharibənin bu mərhələdə dayandırılması bütün tərəflərə öz imiclərini qoruyub saxlamaq imkanı verdi. İndi isə prosesin növbəti mərhələsi – danışıqlar başlayacaq. Bu danışıqlarda İrana daha sərt şərtlərlə nüvə sazişinə qayıtmaq təklif ediləcək. Əgər müharibədən əvvəl İranla güzəştə getmək ehtimalı varsa, hazırda zəiflədilmiş vəziyyətdə olan Tehrana daha ağır şərtlərlə sənəd təqdim olunacaq”.

“İsrail qismən də olsa, məqsədinə çatdı. ABŞ öz gücünü göstərdi və mövqelərini möhkəmləndirdi. İran isə həm İsrailin, həm də ABŞ-nin zərbələrinə cavab verməklə Trampın dediyi kimi “şərtsiz kapitulyasiya” etmədiyini, hələ də müəyyən müqavimət imkanlarının olduğunu göstərdi və bununla da öz imicini qorudu. Bundan sonra hər şey danışıqlar masasında həll olunacaq. Tərəflərin hansı məsələlərdə güzəştə gedəcəyi əsas rol oynayacaq. Mövcud vəziyyətdə İranın nüvə sazişinə qayıtmaqdan və təklif olunan sənədi qəbul etməkdən başqa real alternativi görünmür. Çünki bu 11 gün ərzində İran faktiki olaraq müttəfiqsiz və təklənmiş vəziyyətdə qaldığını açıq şəkildə gördü”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600