“Azərbaycanın Türkiyədə diaspora fəaliyyətinin ehtiyac duyması, əslində, çox böyük utancverici hadisədir”
Murad İde. Türkiyənin “Bengitürk” Telekanalının rəhbəri, Azərbaycan dostu bir jurnalist. Qarabağ davasını mərd-mərdanə müdafiəsi ilə tanıdıq onu. Azərbaycan bayrağına uzanan əlləri məhkəməyə düşsə belə ağır qınaması ilə gördük onu. Erməni yalanına qarşı sərt mövqeyi ilə seçilən Murad bəylə söhbətimizə də bu mövzudan başladıq. Beləliklə, Murad İde Yenicag.az-ın suallarını cavablandırır.
– Soyqırımının qəbul edildiyi ölkələrə nəzər yetirsək, heç bir hüquq məhkəməsində bununla bağlı qərarlar verilməmişdir. Yalnız parlamentlərdə, siyasi müstəvidə müzakirələrə çıxarılır. Türkiyə artıq bu mövzuda həmişə tarixə istinad edilməsini, arxivlərin açılmasını istəyir və bütün məsuliyyəti tarixçilərin öhdəsinə buraxır. Sizcə, burada da siyasi dəyişikliyə ehtiyac yoxdurmu?
– Məncə, ehtiyac var, biz hər vəchlə tarixi kənara buraxmamalıyıq, lakin siyasi olaraq da birlikdə hərəkət etməliyik. Nəticədə, əvvəl-axır bizim, türk tərəfinin tezisləri haqlı çıxacaq. Çünki o dövrün məhkəmə qərarları belə soyqırımın olmadığını təsdiqləyir. Məsələn, İngiltərə məhkəməsi də belə bir qərar verib. Hələ ötən əsrin 20-ci illərində belə bir hadisənin baş vermədiyini deyərək məsələyə son qoyub. Beynəlxalq məhkəmədir o. Amma onsuz da burada heç bir məntiq yoxdur. Fransa demokratiyanın ən oturuşmuş ölkəsi sayılır. Lakin Fransada “bu sözü demək” qadağandır, deyə bir qadağa çıxa bilərmi? Amma “soyqırımı yoxdur demək qadağandır, cinayətdir” deyə, bir qanun çıxardılar. “Soyqırım yoxdur” – bu, bir fikirdir. Fikir azadlığının himayədarı olan Fransa hardadır? Yalnız burada qadağa qoyur. İkinci bir qadağa da, Fransanın varlığına yönəlmiş sözlərdir. Sən, Fransız dövləti öz varlığına yönəlmiş sözlərə qadağa qoyursan, digər tərəfdən mənim varlığımla bağlı fikirlərə, bəs mən nə edim? Yox, qardaşım, “soyqırım yoxdur” dedikdə bu, fikir olmur, cinayət olur. Burada heç bir məntiq yoxdur. Türkiyə bu nöqtədə – bəli, tarixçilər, elm adamları ilə mübarizəsini davam etdirməlidir. Eyni zamanda güclü diaspora fəaliyyətinə də üstünlük verməlidir… Təəssüf ki, Türkiyənin lobbiçilik fəaliyyəti yox dərəcəsindədir. Türkiyə məsələ ilə əlaqədar mütləq lobbiçilik fəaliyyətinə başlamalıdır.
Məsələn, Aris Nalçı ilə yaşadıqlarımızı bir düşün; bu mövzuda sən də yazdın, mən də yazdım. Aris Nalçı bir şey iddia etdi, bir şey yazdısa, biz də qarşısına çıxıb cavabını verdik. Sarkisyan bir şey deyirsə, qarşısına çıxıb biz də bir şey deyəcəyik. Və bəzən də biz onlardan önə keçəcəyik. Onların gündəmi ilə deyil, bizim gündəmimizlə hərəkət ediləcəyi nöqtəyə gələcəyik. Dünən dostlarımla danışarkən, İlham Əliyevin “burada Türkiyə yoxdursa da mən varam” sözünü xatırlatdıqda onlardan birinin gözləri doldu. Hər yerdə bir-birimizi bu cür müdafiə etsək, erməni lobbisi əvvəl-axır dalana dirənəcək.. Yəni mən iki il öncəni xatırlayıram, Azərbaycandan olan Tənzilə Rüstəmxanlı çox sevdiyim biridir. O, oğlu ilə birlikdə Avropa Birliyinin toplantısına qatılmışdı. Orada bir fransız parlamentari qalxıb, başladı sayıqlamağa. Tənzilə xanımı siz məndən yaxşı tanıyırsız, bu zaman o, heç sakit qalarmı? O qalxdığı zaman sadəcə tərcüməçilik üçün orda olan oğlu Cəmil də ayağa qalxıb dedi: “Burada Türkiyə təmsilçisi yoxdursa, biz varıq” deyib, yarım saat danışdı. Böyük arenada 23 yaşında bir gənc orada tarix dərsi, insanlıq dərsi keçdi. Bunu biz Türkiyədə də bir çox yerdə, türk vətəndaşı olaraq etməyə çalışırıq, amma dövlət nəzdində Azərbaycan dövləti qədər sağlam edə bilmirik. Problem burdadır. Bu mövzuda Türkiyədə heç geri addım atmayam bir nəfər vardı, o da Devlet Bahcelidir. Devlet bəy heç zaman geri addım atmadı. Hər yerdə həm Türk dövlətinin, yeri gəldikdə Azərbaycan dövlətinin, Azərbaycan türklərinin, azərbaycanlıların haqq səsi ilə bağlı bircə dəfə olsun belə, geri addım atmadı. Ondan başqa, digər siyasətçilərdə bir düşüncə problemi yaşayırıq. Bunun qarşısının alınmasının tək yolu lobbiçilik fəaliyyətidir. Çünki ermənilər bu lobbiçilik fəaliyyəti ilə dünyanı çaşdırırlar. Onlar dünyanı çaşbaş saldıqları kimi, biz də doğru-dürüst lobbiçilik fəaliyyəti aparıb, həqiqəti dünyaya car çəkməliyik.
– Azərbaycan lobbiçilik fəaliyyətinə öncəliklə Türkiyədən başlamalıdır…
– Bax, mənim həmişə üzülərək dediyim də budur. Tarix yarpaqlarını geri sar, Atatürkün Azərbaycandan borc pul istədikdə, aldığı cavabı bilirsən.
“Qardaş-Qardaşa borc verməz”. “Bu gün Azərbaycanın Türkiyədə ciddi diaspora fəaliyyətinə ehtiyacı var” fikrinə gəlmişiksə, bu nə qədər geriyə getdiyimizdən xəbər verir. Yəni bir ölkənin, Azərbaycanın Türkiyədə diaspora fəaliyyətinin ehtiyac duyması, əslində, çox böyük utancverici hadisədir. Türkiyədə gəzən hər canlı, hər insan, əslində, Azərbaycanın diaspora fəaliyyətinin üzvüdür, lobbiçiliyinin könüllü üzvüdür. Millət indidə belədir, yəni bu gün kim qalxıb Azərbaycan əleyhinə bir söz desə, əhali onu orada iki qat edərlər. Allahdan, türk vətəndaşında belə bir həssaslıq hələ də var. Bu günə qədər Türkiyədə Xocalı soyqırımı ilə bağlı nümayişlər, etiraz aksiyaları keçirilir, iştirak edənlərin sayı dübut edir ki, Türk xalqı Xocalı ağrısını hiss edir. Sən də İstanbuldaydın, o kütləni gördün. Millətdə bunun qarşılığı var, amma təəssüf ki, bütün media – televiziya, qəzetlər ermənipərəst köşə yazarları vasitəsilə millətin ağlını qarışdırmağa başladılar. Amma bəli, üzülərək deyirəm: Azərbaycanın bu şərtlərdə Türkiyədə bir diaspora, lobbiçilik fəaliyyətinə ehtiyacı var.
– Sonda bir az “Bengitürk”dən danışaq. Hansı layihələriniz var və “Bengitürk”ün hazırkı vəziyyəti necədir?
– Bizdə belə bir deyim var: içuvesinden hallice diye… Ayaqda qalmağa çalışırıq. Milliyətçi çizgidə olduğumuzdan istəməyənimiz çoxdur, hər cür maneə də yaradılır. Reklam almaq mövzusunda sıxıntımız var. İqtisadi qaynaqlarımız məhduddur. Dolayısı ilə məhdud bir kadrla təbliğat aparırıq. Bütün bunlara baxmayaraq, izlənmə oranımız milyon dollar xərcləyən televiziyaların bir çoxundan daha artıqdır. Bunun səbəbi də xalqın adından danışdığımızı xalq bilir. Türkiyədə bizi sadəcə milliyyətçilər deyil, bütün insan kəsimlərindən izləyənlər çoxdur. İnşallah önümüzdəki 5-6 ay içində daha fərqli “Bengitürk” görəcəyik. Bu arada yeni binamıza köçdük, indi orada yeni dekorlarımızı hazırlamağa başlamışıq. Keçən həftədən etibarən, Avropaya yayıma başladıq. Avropada yayınımız yox idi. İndi Frankfurtda bir büro açırıq, Kərkükdə, “Türkmən eli” televiziyası ilə ortaq yayınlarımız olacaq, birdə Bakıda bir büro açmaq niyyətindəyik. Burada da ortaq yayım hazırlaya biləcəyimiz bir telekanalla anlaşırsaq, yaxşı bir üçbucaq qura biləcəyik. İnanırıq ki, “Bengitürk”ün gələcəyi daha yaxşı olacaq.
– Murad bəy, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən qüvvələr hər zaman var. Bu məsələdə hansı mövqe sərgilənməlidir?
– Nə olursa-olsun, Azərbaycan və Türkiyə münasibətləri, az öncə dediyimiz kimi, “Qardaş-qardaşa borc verməz” məntiqi ilə, davam etməlidir. O gerçəklə yaşayaq, nəticədə, nə Azərbaycan Türkiyəyə “mən sənin üçün bunu etdim” deməli, nə də Türkiyə qalxıb bu cür danışmalı. İki qardaş ölkə, Rəhmətlik Heydər Əliyev zamanında adını qoydu: “Bir millət, iki dövlət”. Biz həmin gerçəyi ayaqda tuta bilmək üçün öncəliklə ermənipərəstləri səssiz hala gətirməliyik. Oradan da yanlış bir nəticə çıxmasın, yəni döyməkdən, vurmaqdan, qırmaqdan söz etmirəm, fikirlə döyməyimiz, bu cür davranmağımız lazımdır. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək bütün addımlardan çəkinmək lazımdır.
Söhbətləşdi: Aqil ƏLƏSGƏR
Qələmə aldı: Pərviz Almaszadə
www.yenicag.az