"Uşaqların rəqəmsal mühitdə qorunması üçün yaş təsdiqi mexanizmləri tətbiq edilməlidir" - Elnarə Akimova

media-hightechnic-468x90

“Rəqəmsal dünyada uşaqlarımızın psixoloji və mənəvi inkişafını qorumaq üçün qanunvericiliyin yeni reallıqlara uyğunlaşdırılması zərurəti yaranıb.”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

Deputat bildirib ki, rəqəmsal texnologiyalar həyatımızı asanlaşdırdıqca yeni təhlükələr də yaradır və bu təhlükələrin ən həssas hədəfi uşaqlardır:

“Bu gün milyonlarla uşaq sosial şəbəkələrdə qeydiyyatdan keçərkən yaşını bir neçə saniyə ərzində dəyişərək sistemləri asanlıqla aldada bilir. Nəticədə onların qarşısına zorakılığı, aqressiyanı, əxlaqsızlığı, qumarı, narkotik təbliğatını və psixoloji manipulyasiyanı təşviq edən məzmunlar çıxır. Dünyanın bir çox ölkəsində artıq bu problemin sadəcə valideyn nəzarəti ilə həll edilməsinin mümkün olmadığı qəbul edilir və qanunvericilik səviyyəsində ciddi tədbirlər görülür.”

E.Akimovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində uşaqların informasiya təhlükəsizliyinin qorunması ilə bağlı müəyyən hüquqi mexanizmlər mövcuddur:

“‘Uşaq hüquqları haqqında ” Qanun, ” İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında”  Qanun dövlətin bu sahədə məsuliyyətini müəyyənləşdirir. Həmin qanunlara görə uşaqların fiziki, əqli və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məlumatların yayılması məhdudlaşdırılmalıdır. Lakin praktikada sosial şəbəkələrdə tətbiq edilən yaş məhdudiyyətlərinin əksəriyyəti formal xarakter daşıyır və real nəzarət mexanizmi yoxdur.”

Deputat vurğulayıb ki, məhz buna görə də qanunvericiliyin yeni rəqəmsal reallıqlara uyğunlaşdırılması zərurəti getdikcə daha çox gündəmə gəlir:

“Dünyada artıq bir sıra ölkələr sosial şəbəkələrdə yaşın təsdiqlənməsini məcburi edən mexanizmlər tətbiq edir. Məsələn, Avstraliyada 16 yaşdan aşağı uşaqların bəzi sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edilib. Avropa İttifaqında qüvvədə olan Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act) platformalara uşaqların təhlükəsizliyi ilə bağlı əlavə öhdəliklər qoyur. Böyük Britaniyada qəbul edilən Onlayn Təhlükəsizlik Aktı isə texnologiya şirkətlərini uşaqları zərərli məzmundan qorumağa məcbur edir.”

Elnarə Akimova Azərbaycan üçün əsas hədəfləri də açıqlayıb:

“Azərbaycan üçün də əsas məsələlərdən biri yaş məhdudiyyətlərinin real və icbari nəzarət mexanizminə çevrilməsidir. Bunun üçün sosial şəbəkələrdə qeydiyyat zamanı şəxsiyyətin və yaşın təsdiqlənməsi üzrə hüquqi mexanizmlərin yaradılması, platformaların ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərməsinin təmin olunması, uşaqlara yönəlmiş zərərli kontentin aşkarlanması və bloklanması üzrə öhdəliklərin sərtləşdirilməsi vacib görünür. Eyni zamanda valideyn nəzarəti alətlərinin tətbiqi, məktəblərdə rəqəmsal təhlükəsizlik dərslərinin keçirilməsi və uşaqların internet savadlılığının artırılması da qanunvericilik səviyyəsində dəstəklənməlidir.”

Milli Məclisdəki müzakirələrə toxunan deputat bildirib ki, diqqət yalnız texniki məhdudiyyətlərə deyil, həm də uşaqların psixoloji və mənəvi inkişafının qorunmasına yönəlir:

“Çünki məsələ sadəcə internetə girişin məhdudlaşdırılması deyil. Söhbət gələcək nəslin dünyagörüşündən, mənəvi dəyərlərindən, psixoloji sağlamlığından və milli kimliyindən gedir. Bu gün telefon ekranında görünən bir görüntü sabah bir uşağın xarakterinin formalaşmasına təsir göstərə bilər.”

E.Akimova sonda qeyd edib ki, rəqəmsal əsrdə uşaqları qorumaq artıq təkcə ailələrin deyil, dövlətlərin də strateji vəzifəsinə çevrilib:

“Əgər qanunlar texnologiyanın inkişaf sürətinə uyğun yenilənməzsə, sosial şəbəkələrdəki formal yaş məhdudiyyətləri sadəcə rəqəmlərdən ibarət qalacaq. Uşaqların təhlükəsizliyi isə yalnız kağız üzərində deyil, real həyatda təmin olunmalıdır. “

“Çünki hər bir dövlətin gələcəyi onun sərhədlərindən əvvəl uşaqlarının şüurunda və mənəviyyatında qorunmalıdır” – deyə deputat fikrini yekunlaşdırıb.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05