Arif Hacılı: “Demokratik seçkilərə hazır olmayan adamlar seçkilərin nəticələrinə praktik və praqmatik yanaşmağı bacarmırlar”.
Yadigar Sadıqlı: “Müsavat bu illər ərzində özünün aparıcı müxalifət partiyası statusunu itirib”.
Tofiq Yaqublu: “Müsavatı irəli aparmaq və daha güclü təşkilat görmək istəyirəm.”
Müsavat Partiyasının oktyabrın 12-nə təyin olunmuş növbəti qurultayında başqan seçkiləri də keçiriləcək.
Partiyanın ali tədbirinə təqribən 3 həftə qalsa da, Müsavatda birincilik postu uğrunda mübarizə aparacaq iddialılar artıq məlumdur. Bunlar partiya başqanının müavinləri olmuş Yadigar Sadıqlı və Tofiq Yaqublu, eyni zamanda, Müsavatın fəaliyyətdə olan rəhbəri Arif Hacılıdır.
Yadigar Sadıqlı və Tofiq Yaqublu artıq öz namizədliklərini elan etsələr də, Arif Hacılı isə bu barədə qərarını Nizamnamədə nəzərdə tutulmuş müddət çərçivəsində açıqlamağa üstünlük verir.
Bununla belə, Müsavat başqanlığı uğrunda rəqabətin çoxdan başladığını söyləmək mümkündür. Sadıqlı və Yaqublunun başqanlıq iddialarını ortaya qoymasından sonra tərəfdarlar sosial şəbəkələrdə öz namizədlərinin təbliğatına, rəqiblərinin isə sərt tənqidinə start veriblər.
Müsavatda başqan seçkiləri ətrafında yaranmış vəziyyəti Yenicag.az-a dəyərləndirən Müsavat başqanı Arif Hacılı bildirib ki, əsas məqsədləri qurultayın şəffaf və demokratik keçiriləmisidir:
“Məqsədimiz bu vasitə ilə Azərbaycanda demokratik qurultay ənənəsi yaratmaqdır. Artıq 60 rayon təşkilatından nümayəndələr seçilib. Nizamnaməyə müəyən dəyişikliklər və əlavələr edilməsi ilə bağlı hazırlıqlar işləri görülüb.
Partiya başqanlığına namizədliklərini irəli sürənlər də var. Bu günlərdə rəsmi olaraq namizədlərin irəli sürülməsi üçün vaxtı müəyyən ediləcək. Bundan sonra öz qərarımı elan edəcəm”.
Keçmiş müavinləri Yadigar Sadıqlı və Tofiq Yaqublunun namizədliyinə gəldikdə isə Arif Hacılı bunarı deyib:
“Müsavat partiyası demokratik prinsiplərlə idarə olunan siyasi təşkilatdır. Düşünürəm ki, yenə də namizədlər olacaq. Bizim əsas hədəfimiz seçkilərin tam demokratik və şəffaf keçirilməsidir. Əminəm ki, Müsavat partiyasının üzvləri ən layiqli namizədi özlərinə başqan seçəcəklər”.
Həmsöhbətimiz ötən qurultaydan sonra Müsavatda müşahidə olunan qopmaların bu qurultaydan sonra da təkrarlanma ehtimalı haqda bunları deyib:
“Biz hakimiyyətdən tələb etdiklərimizi öz partiyamızda tətbiq edirik. Qurultaylarımızda demokratik seçki ənənələri yaradıb, Azərbaycana nümayiş etdirməyə çalışırıq.
Təəssüf ki, demokratik seçkilərə hazır olmayan adamlar seçkilərin nəticələrinə praktik və praqmatik yanaşmağı bacarmırlar. İnanmıram ki, bu qurultaydan sonra belə hallar təkrar olunsun. Təkrar olunarsa, buna yalnız təəssüf edərəm”.
Müsavat başqanlığına namizəd Yadigar Sadıqlı is Yenicag.az-a açıqlamasında bildirib ki, son 5 ildə partiyanın idarə olunmasını qənaətbəxş hesab etmir:
“Müsavat partiyası bu illər ərzində özünün aparıcı müxalifət partiyası statusunu itirib. Bunun da əsas səbəbi idarəetmədəki yanlışlıqlardır. Partiya rəhbərliyi Müsavatdakı qüvvələri birləşdirib, birgə mübarizə aparmaq əvəzinə, daxili intiriqalara daha çox meyl edib.
Arif Hacılı 2014-cü ildə elan etmişdi ki, mübarizəni müxalifət daxilində deyil, hakimiyyətə qarşı aparacaq. Reallıq isə ondan ibarət oldu ki, Müsavat rəhbərliyi hakimiyyət və digər partiyalardan çox ona rəqib olacaq insanlara qarşı mübarizə aparır. Bu da nəticədə Müsavat partiyasına ictimai marağın azalmasında özünü göstərir.
İnsanlar partiya rəhbərliyinin addımlarına laqeyd yanaşırlar. Müsavat hazırda aparıcı statusunu itirib və bu gün heç də ən yaxşı dövrünü yaşamır. Hesab edirəm ki, Arif Hacılı bu vəziyyəti dəyişə biləcək gücdə deyil, bunun üçün potensialı yoxdur, onun şəxsi keyfiyyətləri də buna imkan vermir.
Ona görə də, Müsavatın təkrar ayağa qalxması, dirçəlməsi və aparıcı partiyaya çevrilməsi üçün yenilik lazımdır və partiya başqanı dəyişilməlidir”.
Yadigar Sadıqlı ötən qurultayda Arif Hacılının başqan seçilməsindən sonra digər namizədlərin partiyanı tərk etmələrinin təkrarlanmaq ehtimalına da münasibət bildirib. O, başqan seçilməyəcəyi təqdirdə, partiyadan getmiyəcəyini bildirib:
“Seçkidə qalib gələcəm. Ancaq uduzsam, idarəetmədə iştirak etmək fikirim yoxdur. Sıravi üzv kimi qalacam. Başqalarına gəldikdə isə heç kimi partiyadan çıxarmaq, qovmaq fikirim yoxdur. Ola bilər ki, kimlərsə gedəcək. Mənim başqan seçilməyimlə kimlərsə gedəcəksə, bu onların öz işi olacaq”.
Sosial şəbəkədə Yadigar Sadıqlı ilə Tofiq Yaqublunun dost olduqlarını əsas götürərək, onların öz aralarında “vahid namizəd” müəyyənləşdirmələri də təklif olunur. Sadıqlı bunun mümkünlüyü haqda belə deyib:
“Tofiq bəylə dostluğumuz var. Ancaq bu, o demək deyil ki, Tofiq bəylə həmfikirik. Tofiq bəylə bir-birimizi tənqid də edə bilərik. Bu, bizim şəxsi münasibətlərimizə xələl gətirmir. Tofiq bəydə bu cəhəti yüksək qiymətləndirirəm”.
O, Müsavatın keçmiş başqanı İsa Qəmbərin yenidən partiya rəhbərliyinə qayıdacağı haqda məlumatlara da münasibət bildirib:
“İsa bəyin belə bir addım atacağını gözləmirəm. Yaxınlarda oxudum ki, İsa bəy bu versiyanı inkar edib”.
Sadıqlı qurultayda başqan seçkiləri çərçivəsində səsvermənin demokratik keçəcəyini düşünür:
“Qurultay nümayəndələrinin necə seçildiklərini izləmək imkanım olmayıb. İndiki rəhbərliyin adminstirativ resurslarıu, üstünlükləri var. Ancaq yenə də Müsavat partitiyasının üzvlərinin doğru seçim edəcəklərinə inanıram. Heab edirəm ki, qalib gələcəm”.
Müsavat başqanlığına namzidliyini bəyan etmiş Tofiq Yaqublu bu qərarının səbəbini belə izah edib:
“Hər bir müsavatçının, özünə güvənən və partiyanı idarə edə biləcəyini düşünən üzvümüzün başqanlığa namizədliyini irəli sürmək hüququ var. Qurultayın vaxtı yaxınlaşır. Düşündüm ki, namizdəliyimi irəli sürə bilərəm”.
Tofiq Yaqublu başqan seçkilərindən gözləntiləri barədə bunları deyib:
“Qalib gəlməsəm, partiyadan getmək fikrim yoxdur. Düşünürəm ki, qurultay keçiriləcək, müsavatçılar yeni başqan seçəcəklər. Bu qurultayda heç bir təlatüm gözləmirəm. Hər şey sakit məcrada keçəcək. Sözsüz ki, seçki debatları gərgin ola bilər. Bu da təbiidir”.
Ötən qurultaydan sonra baş verən qopmalara toxunan Yaqublu bildirib ki, Müsavatı “köhnə günlər”ə qaytarmaq niyyəti yoxdur:
“Müsavat partiyasını irəli aparmaq və daha güclü Müsavat görmək istəyirəm. Başqan olsam, partiyanın möhkəmlənməsi, sıralarının genişlənməsi üçün nə mümkündür, edəcəm. Ayrılıb gedənlər özlərinə təşkilat qurublar. Məncə, onlar artıq öz yollarını seçiblər. Ancaq gələrlərsə nə yaxşı, gəlməzlərsə də yenə yaxşı”.
İsa Qəmbərin yenidən başqanlığa qayıtmaq ehtimalına münasibət bildirən Tofiq Yaqublu onun namizəd olmayacağını deyib:
“Belə bir şey olsa düşünərəm. İsa Qəmbərin namizdəliyi tamam fərqli mənzərə yaradar. İsa bəy kifayət qədər tanınmış siyasətçidir. Ancaq o özü birmənalı olaraq deyib ki, namizədliyini irəli sürməyəcək”.
Yaqublu indiki halda namizədliyini geri götürmək haqda düçünmədiyini bildirib:
“Hər cür fikir bildirənlər var. Bəziləri səmimidir, bəziləri qərəzli. Yadigar Sadıqlı ilə dostuq. Oyun oynamaq üçün namizdəliyimizi irəli sürməmişik. İddialarımız var. Siyasətdə birinin xeyrinə namizədliyini geri götürmək praktikası mövcuddur.
Hazırda bunun üçün heç bir əsas görümürəm. Lakin nəzəri cəhətdən mümkündür, ancaq bu haqda danışıq və razılaşma yoxdur. İkimiz də mübarizə aparacağıq”.
Səxavət Məmməd
www.yenicag.az