!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət dediyin belə olar!

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli təşəbbüs irəli sürdü, prezident Rəcəb Tayyib Ərdoğan da onu dəyərləndirdi. Qardaş Türkiyə 24 iyunda növbədənkənar seçkiyə gedir. Həm parlament, həm də prezident seçkisinə.

Azərbaycanda lap bugünlərdə başa çatmış prezident seçkisi ilə bənzərlik var burda. Düzdür, bizdə təşəbbüs müxalifətdən deyil, hakimiyyətdən gəlmişdi. Amma bu, heç nəyi dəyişmir. Əsas odur ki, ölkəmizdə siyasi qüvvələrin yarışması üçün meydan açılmışdı və hər kəs gücünü göstərə bilərdi…

Türkiyədə seçki önə alınınca ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası “hodri meydan” (bu meydan, bu şeytan) deyib dərhal da bundan qorxmadığını bəyan etdi. Yəni bəhanələr istehsalına heç könül vermədi. Dedi ki, biz seçkiyə hazırıq və ən qısa müddətə namizədlərimiz, kampaniyamız cəmiyyətə elan ediləcək.

Hələ onu da əlavə edək ki, yenicə qurulmuş, təşkilatlanma mərhələsində olan İYİ Parti belə seçkinin erkənə alınmasını tənqid etmədi. Əksinə, bəyan etdi ki, seçki sabah da, başqa bir gün də ola bilər, biz bu yarışa hazırıq.

Belə gördük ki, Türkiyənin əsas müxalifəti hakimiyyətin seçkini vaxtından tez – qəfil keçirməklə bağlı qərarını rədd etmədi, manipulyasiyaya yol vermədi, əksinə, həvəslə qarşıladı. Bu da anlaşılandır. Çünki Türkiyə müxalifəti özünə güvənir, xalq arasında dayaqları var və istənilən seçkinin önə çəkilməsini özü üçün əlavə imkan kimi dəyərləndirməyi bacarır.

Bizdə isə nə baş vermişdi? Ana müxalifət olduğu iddiasını hər addımda gözümüzə dürtənlər dərhal bəyan etdilər ki, bəs, hakimiyyət onları qəfil yaxalayıb seçkidə uduzdurmaq istəyir. Ona görə də müxalifətdə olub ciddi güc kimi özlərini təsdiq edə bilməyənlərin bir qismi seçkini “boykot” etdi. Yəni cığallıq edib “oynamıram” dedi. Çünki özləri də yaxşı bilirdi ki, İlham Əliyevin qarşısına çıxacaq nə gücləri, nə də imkanları yoxdur. Ən “yaxşısını” seçdilər: “oynamıram” deyib xalqın da, onların azarkeşliyini edən xaricdəki mərkəzlərin də qınağından əvvəlcədən qurtulma yolunu tutdular.

Bu iki bənzər halı nəzərdən keçirərək tutuşdurmaqda məqsədimiz odur ki, bəzən bizim müxalifət adına iddialılarımızın erkən seçki ilə belə manipulyasiya etməsini anlamayanlar olur. Belə adamlar onlara haqq da qazandırır. Bizsə izah etmək istəyirik ki, istənilən ölkədə müxalifətçilər seçkinin vaxtından əvvəl keçirilməsini arzu edir. Bu da səbəbsiz deyil. Çünki seçki daha erkən keçiriləcəyi təqdirdə müxalifətin hakimiyyətə gəlmə imkanı artmış olur.

Onu da qeyd edək ki, dünyanın bütün ölkələrində normal və özünə güvənən müxalifət seçkiyə yalnız seçki günü elan edildikdən sonra hazırlaşmır. Siyasət elə bir məşğuliyyətdir ki, burada bayram-bazar günü, tətil demədən çalışmalısan və hər gün seçkiyə hazır durumda olmalısan. Üstəlik də bir sonrakı seçkiyə bugünkü seçki başa çatdıqdan dərhal sonra hazırlaşmağa başlamalısan. Bir az da açıq söyləsək, Azərbaycanda 2025-ci ildə keçiriləcək növbəti prezident seçkisinə hazırlığa bu il aprelin 12-dən başlamaq lazım idi. Əminəm ki, İlham Əliyevin siyasi komandası bu hazırlıqlara başlayıb. Ona da əminəm ki, “boykotçu” radikallar hələ də bunun fərqində deyillər və günün birində seçki kampaniyası başlayanda yenə də hansısa bəhanəylə cığallıq edib yaxalarını kənara çəkəcəklər.

Bunlar illərdir siyasətin içindədirlər, amma bu siyasəti heç cür öyrənə bilmədilər ki, bilmədilər. Özləri bilərlər, qarışmırıq. Sadəcə bunların yalan-uydurmalarına aldanaraq özünü siyasətə həsr etmiş insanlara yazıq olur. Bu insanlara izah etmək lazımdır ki, indi arxasınca getmək istədiyiniz “boykotçu” radikallarla bir yana çıxa bilməyəcəksiniz. Müxalifətçilik etmək istəyiniz varsa, normal, doğrudan da siyasətdən anlayanların arxasınca gedin ki, sizi bir yana çıxara bilsin…

Ümumiyyətlə isə, güclü və iddialı müxalifət bütün şərtlər altında mübarizəyə hazır olmalıdır. Siyasət elə bir meydandır ki, burada əzib keçməsini biləcəksən. Əks təqdirdə on illərlə müxalifətçilik etməli olacaqsan. Əzib keçə bilməyəndə – məğlub olanda da qalibin əlini öpəcək, onun qələbəsini comərdcə etiraf etməsini biləcəksən. Siyasət budur. Daha “boykot” edirəm deyib cığal uşaq kimi yaxanı kənara çəkmək deyil…

Sözardı – Bu da məndən bir lütf olsun: parlament seçkisinə hazırlaşın. Yoxsa yenə də hakimiyyət bizi qəfil yaxaladı deyib insanların beynini qarışdıracaqsınız…

www.yenicag.az

2324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv