“Təsis yığıncağının vaxtı və yeri yaxın müddətdə müəyyənləşəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət partiyaları və deputatlığa müstəqil namizədlərin yaradılmasına təşəbbüs etdikləri “Xalq parlamenti” ideyası ətrafında vəziyyəti dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
O, “Xalq parlamenti”nin təsis olunması istiqamətində mühüm addımların atıldığını bildirib:
“9 fevral növbədənkənar parlament seçkilərinin məlum nəticələrindən sonra əsl “Xalq parlamenti”nin yaradılması zərurət idi. Bununla bağlı təklif irəli sürüldü və təşkilatçı qismində çıxış edən partiyalar praktik hərəkətə keçdilər.
Ancaq qeyd etmək lazımdır ki, “Xalq parlamenti” partiyaların birliyi yox, deputatlığa namizədlərin bir araya gətirilməsi ilə yaradılan qurum kimi nəzərdə tutulub.
Martın 8-də Demokrat Partiyasının qərargahında keçirilmiş ilk toplantıda 10-a yaxın partiyanın deputatlığa namizədləri, o cümlədən, müstəqil namizədlər olmaqla, 60-a yaxın nümayəndə iştirak etdi. İlkin müzakirələrdə “Xalq parlamenti” ideyası dəstəkləndi.
Toplantıda “Xalq parlamenti”nin təsis olunmasına yönəlik məsələlərin həlli üçün İşçi qrup yaradıldı. Təsis yığıncağının vaxtı və yeri yaxın müddətdə müəyyənləşəcək”.
Tural Abbaslı “Xalq parlamenti”nin formalaşdırılmasında iştirak edən partiyaların adlarını da açıqladı:
“AĞ Partiya, Demokrat, Vətəndaş və İnkişaf, Böyük Azərbaycan partiyaları ilk gündən bu təşəbbüsü dəstəkləyiblər. Ümid Partiyası prosesə qoşulacağını bildirib. Həmçinin Xalq və Milli İstiqlal partiyaları da “Xalq parlamenti”nin yaradılmasına müsbət yanaşırlar”.
Səxavət Məmməd
www.yenicag.az