Namaz qılmayanlar müsəlman deyil? – Əlixan Musayevdən YENİ QALMAQALLI/ VİDEO
Namaz qılmayanlar müsəlman deyil? – Əlixan Musayevdən YENİ QALMAQALLI VİDEO
Azərbaycanda illərdir formalaşmış dini və məzhəbi sabitlik bəzi dairələri açıq-aşkar narahat edir. Çünki bu ölkədə nə “Suriya ssenarisi” keçərlidir, nə də İran tipli məzhəb qarşıdurması üçün zəmin var. Məhz buna görə də müəyyən qruplar cəmiyyətdə süni gərginlik yaratmaq üçün davamlı şəkildə insanların ən həssas inanclarına toxunmağa çalışırlar.
Bu gün bir mövzu ilə çıxış edirlər sünni-şiə, sabah xristian-müsəlman qarşıdurması qızışdırılır; alınmayanda isə “namaz qılan–qılmayan” bölgüsü üzərindən cəmiyyət parçalanmağa cəhd edilir. Məqsəd eynidir: dini fərqlilikləri alətə çevirərək qarşıdurma yaratmaq, xalqın birlik modelini dağıtmaq və ölkəni Yaxın Şərqdə gördüyümüz xaos ssenarilərinə sürükləmək.
Məhz bu təhlükəli kontekstdə Əlixan Musayevin çıxışları xüsusi narahatlıq doğurur. Onun “namaz qılmayan da müsəlmandır” (mətnin daxili məntiqinə görə, burada təkfirçi yanaşmaya işarə edilir – red.) kimi qəbul edilən və ya bu mövzuda ziddiyyət doğuran fikirləri sadəcə teoloji müzakirə deyil. Bu cür yanaşmalar məqsədli şəkildə cəmiyyətin dini həssas nöqtələrinə toxunur, düşünülmüş şəkildə ziddiyyət yaradır və radikal baxışlar üçün zəmin formalaşdırır.
Xüsusilə vurğulamaq lazımdır ki, bu tip “dəvət” dili Azərbaycanda İŞİD tipli təkfirçi fikirlərin artmasına xidmət edir. Əvvəlcə dini anlayışlar yumşaq formada təhrif olunur, ardınca isə bu təhriflər radikal mərhələyə keçərək “kim müsəlmandır, kim kafirdir” mühakiməsinə çevrilir. Beləliklə, Azərbaycan xalqını kafir sayan, qanını halal görən, dövlətə və topluma düşmən kəsilən təhlükəli bir zehniyyət yaradılır.
Ən ciddi məqam isə budur ki, bu, artıq Əlixan Musayevin ilk çıxışı deyil. Onun müxtəlif platformalarda təkrar-təkrar səsləndirdiyi bu məzmunlu fikirlər ardıcıl xarakter daşıyır və hər dəfə yeni fitnə, yeni gərginlik yaradır. Burada söhbət təsadüfi ifadədən yox, davamlı şəkildə fəsad yayan ideoloji xəttdən gedir.
Bu cür fəaliyyətlər:
-
Dini savadsızlığı dərinləşdirir;
-
Təkfirçi və radikal qrupların ideoloji bazasını genişləndirir;
-
Azərbaycan cəmiyyətinin dini və milli birliyini hədəfə alır;
-
Ölkənin sabitliyinə açıq təhlükə yaradır.
Bu mərhələdə artıq legitim sual ortaya çıxır: İŞİD düşüncəsini xatırladan, təkfirçi məzmun yayan bu tip dəvətçilərə qarşı hüquq-mühafizə orqanları nə zaman ciddi və prinsipial tədbir görəcək?
Vaxtında reaksiya verilməyən hər fitnə sabah daha ağır nəticələr doğura bilər. Azərbaycanda dini sabitliyi pozmağa yönələn bu cəhdlərə qarşı səssizlik problemin bir parçasına çevrilir.
Əkrəm Həsənov,
İlahiyyat üzrə fəlsəfə doktoru












