“Çoxları elə düşünür ki, bunları təbliğ etmək, lüzumlu yaxud lüzumsuz fikirlərini tirajlamaq mətbuatın borcudur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində namizədlərin ödənişli media imkanlardan yararlanmamasının səbəbləri haqda danışan Jurnalist Araşdırmaları Mərkəzinin sədri, jurnalist Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, ölkəmizdə nəinki deputatlığa namizədlər, hətta imkanlı şəxslər, biznesmenlər belə mətbuata pul xərcləməkdə xəsislik edirlər:
“Çoxları elə düşünür ki, bunları təbliğ etmək lüzumlu, yaxud lüzumsuz fikirlərini tirajlamaq mətbuatın borcudur. Bu mənada son illər Azərbaycanda mətbuata pul xərcləmək istəyən, medianın maddi texniki bazasının güclənməsinə töhfə vermək istəyən insanların sayı sürətlə azalır. Biz hazırda davam edən təbliğat kampaniyası dövründə də bunu müşahidə edə bilirik. Rəsmi məlumatlara görə, 1000-dən artıq namizəd deputat mandatlığı uğrunda mübarizə aparır. Mən onların heç 10 faizinin ödənişli medianın imkanlarından istifadə edəcəyini düşünmürəm. Şəxsi münasibətlər hesabına, dostbazlıq, qohumbazlıqla və digər amillərlə namizədlərin əksəriyyəti özlərini təbliğ etdirməyə üstünlük verirlər. Burada incə bir məqam da var. Mən MSK-nın saytında namizədlərin sosial mənsubiyyəti barədə məlumatları nəzərdən keçirmişəm. Məlumatlara görə, namizədlərin 18 faizi işsizdir”.
S.Verzadə qeyd edib ki, sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində deputat mandatında mübarizə aparan iddialıların arasında xeyli sayda pensiyaçı da var:
“Yəni, bəzi namizədlərin maddi durumu ödənişli media imkanlarından istifadə etməyə imkan vermir. Elə dairə var ki, orada namizədliyini irəli sürmüş 7 nəfərdən 6-sı işsizdir. Düşünürəm ki, işsiz olan yaxud pensiyanın ümidinə qalan insanlardan da ciddi dəstək gözləməyə dəyməz. İstənilən halda, media seçki prosesini işıqlandırmalı, tərəflər arasında bərabər şərait yaratmaldır, amma media bu prosesdə tərəf olmamalıdır. Mən budəfəki parlament seçkilərinin mətbuatın maddi imkanlarını yaxşılaşdıracağınə düşünmürəm”.
İsmayıl Bakuvi
www.yenicag.az