!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkoloji Mərkəzi yandıran adam... - Şok təfərrüat

!Reklam – Yazi

Xəbər verildiyi kimi 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin, təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Yenicag.az xəbər verir ki, hadisə baş verən gün Xətai rayonu polis idarəsi 2 nəfəri axtarıb. Onlardan biri – dispanserdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov mart ayının 3-də yanğını törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb.

Sonradan digər şəxsin axtarışı dayandırılıb. Buna səbəb həmin şəxsin bir gün əvvəl evə buraxılması olub.

Məhəmməd Məmmədov mart ayının 2-si, saat 06:00 radələrində qaldığı palatada intihar etmək məqsədi ilə yorğana bürünərək, onu alışqanla yandırıb, ancaq sonradan bu fikrindən daşınıb. Qapılar açıldıqda isə ərazidən qaçıb.

Əldə etdiyimiz dəqiq məlumata görə, Məhəmməd Məmmədovun bu addımı atmasına səbəb ailə münaqişəsi olub. İlkin dindirmə zamanı Məhəmməd Məmmədov etdiyi əməli etiraf edib, sonradan isə polislərin hadisəni güclə onun boynuna qoyduğunu iddia edib. Bundan sonra şübhəli şəxsi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) apararaq, orada dindiriblər.

Məhəmməd Məmmədovun dindirilməyə çağırılan qohumları onunla bağlı bəzi məqamlara aydınlıq gətiriblər. Məlum olub ki, şübhəli şəxsin kiçik oğlu atasınaməxsus 5 otaqlı mənzilin 2 otağını kirayə verib. Buna da Məhəmməd Məmmədovun digər övladları etiraz ediblər. Mənbəmizin verdiyi məlumata görə, oğul evi ələ keçirtmək üçün atasının Narkoloji Mərkəzdən çıxmasını istəmirmiş. Məmmədov ailədə baş verənlərə görə bu addımı atıb.

Qeyd edək ki, mart ayının 3-də əldə etdiyimiz məlumatı rəsmi təsdiqlədə bilmədiyimiz üçün xəbəri yayımlamadıq.

Bu gün isə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı növbəti dəfə rəsmi məlumat yayıb.

Həmin məlumatı da sizə təqdim edirik:

“Xəbər verildiyi kimi, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin, təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək, məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası prezidentinin tapşırığına əsasən, təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlər nəticəsində Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si, saat 06:00 radələrində qaldığı palatada yorğana bürünərək, onu alışqanla yandırdığını, alov gücləndikdə isə fikrindən daşınaraq, yanan yorğanı çarpayının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin başvermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixioloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Səxavət Məmməd

COP29

www.yenicag.az

5893
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv