Naxçıvan Muxtar Respublikasının Millət vəkili Üzeyir Məmmədov, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Xəqani Əliyev, iş adamı İsmayıl Allahverdiyev və Türkiyə Döyüş Veteranları Dərnəyinin Doğubayazıt nümayəndəsi Rəsul İlhan, Iğdır şəhər valisi Ercan Turanı iqamətgahında ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında əlaqələrin inkişaf perspektivləri və regional əməkdaşlıq imkanları müzakirə edilib. İğdır görüşü çərçivəsində Kars -Naxçıvan dəmir yolu xəttinin açılması və bu xəttin regionun iqtisadi inkişafına göstərə biləcəyi təsir xüsusi diqqət mərkəzində olub. Zəngəzur dəhlizinin İğdır, Naxçıvan və ümumilikdə Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə həmçinin, Naxçıvan qaz xətti layihəsinin tamamlanmaq üzrə olduğu və yaxın zamanda bu layihənin açılış mərasiminin keçiriləcəyi qeyd edilib.
Gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən Avropaya keçidlərin təmin olunmasının hər iki ölkənin iqtisadi və strateji mövqeyini daha da gücləndirəcəyi vurğulanıb. Səfər çərçivəsində Türkiyə və Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları və dövlət rəsmiləri arasında keçirilən məsləhətləşmələrdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə birgə layihələrin reallaşdırılması müzakirə edilib.
Bu görüş, Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi və regionun inkişafı üçün yeni imkanların yaranmasında mühüm addım hesab olunur.
www.yenicag.az