Nə üçün ixrac artdıqca daxildə qiymətlər od tutub yanır? Qiymət artımının PƏRDƏARXASI
Azərbaycanda bəzi məhsullar üzrə ixrac göstəricilərinin yüksəlməsi fonunda daxili bazarda qiymətlərin ucuzlaşmaq əvəzinə bahalaşması geniş müzakirələrə səbəb olub. İctimaiyyətdə belə bir sual yaranır: İstehsalçılar daha yüksək gəlir əldə etmək üçün məhsulu xarici bazara yönəldərək daxildə süni qıtlıq yaradırmı və dövlət bu prosesə nə dərəcədə müdaxilə etməlidir?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə dövlətin imkanları kifayət qədər məhduddur:

“Burada dövlətin edə biləcəyi addımlar çox azdır. İş adamının əsas qayəsi mənfəət əldə etməkdir. Əgər o, xaricə daha çox mal sata bilirsə, onu daxili bazara yönəlməyə necə məcbur etmək olar? Bunu yalnız güzəştlərlə tənzimləmək mümkündür. Məsələn, daxili bazarda satış edən sahibkara müəyyən vergi güzəştləri tətbiq olunsa və o, xaricə satdığı qiymətə yaxın qazanc əldə etsə, seçimini yerli bazardan yana edə bilər. Ona görə də burada inzibati qərarların verilməsi doğru deyil. Bazar iqtisadiyyatının şərtlərinə görə rəqabət olmalı, iş adamlarına sərbəstlik verilməlidir”.
İqtisadçı hesab edir ki, inzibati qadağalar və məcburi qərarlar bazar prinsiplərinə ziddir və uzunmüddətli perspektivdə daha böyük problemlər yarada bilər:
“Həmçinin qeyd etməliyik ki, hazırda valyuta gəlirlərimiz azalıb. Əksinə, ixracat daha da stimullaşdırılmalıdır ki, ölkəyə valyuta axını artsın. Çünki neft hasilatı və qiymətləri istənilən səviyyədə deyil. Belə olan halda, inzibati metodlarla deyil, müəyyən təşviq proqramları və addımları ilə iş adamlarını daxili bazara yönəltmək daha məqsədəuyğundur”.
Beləliklə, ekspertin fikrincə, daxili bazarda qiymət artımını yalnız inzibati boşluqlarla izah etmək düzgün deyil. Məsələ daha çox bazar iqtisadiyyatının qanunları, ixracın gəlirliliyi və dövlətin stimullaşdırıcı siyasət alətlərinin effektivliyindən asılıdır.
Samir Məcidov













