“Emin səviyyəsində futbolçu Azərbaycanda demək olar ki, yoxdur. Onu itirmək komandaya çox baha başa gələcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında futbolçu Emin Mahmudovun “Neftçi”də kapitanlıq sarğısını itirməsi və komandada bundan sonrakı vəziyyəti barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, əslində, Emin Mahmudov məsələsinin bu vəziyyətə gətirilməsi çox məyusedici haldır.
“Çünki “Neftçi” “günah keçisi” axtarışına çıxaraq, ünvanı gətirib onun üzərinə çıxardı və nəticədə ortadadır. Əgər kapitan elə bir problem idisə və problemin olması indi niyə yada düşdü? Niyə çempionatın əvvəlində bu bilinmirdi? Əgər çempionatın əvvəlində bu məlum idisə, nəyə görə bu məsələ gec həll olundu? Burada çox böyük manipulyasiyalar, idarəetmə səhvi var. Əgər Emin Mahmudov hər hansı bir səhvə yol versə belə, bu məsələ başqa cür həll olunmalı idi. Yəni bu formada həll edilməli deyildi. Əgər bu futbolçu komandaya uyğun deyildisə, təzminatı verilərək yola salına bilərdi. Yaranan durum isə nə “Neftçi”, nə də Emin üçün uğurlu oldu. Mənə görə də itirən komanda oldu və bundan sonra da itirəcək. Emin səviyyəsində futbolçu Azərbaycanda demək olar ki, yoxdur. Onu itirmək komandaya çox baha başa gələcək”, – deyə o vurğulayıb.
K.Məstəliyev qeyd edib ki, Eminin karyerasını bitirməyinə ehtiyac yoxdur.
“Onun Azərbaycanda “Qarabağ”dan başqa istənilən klubda oynamağa qadirdir. Hətta mətbuat konfransında Rəşad Sadıqova Eminlə bağlı sual verəndə o, “Emini “Zirə”də görmək istəyərdim”, cavabını vermişdi. Sadəcə, futbolçu bu barədə bir qərar verməlidir. Emin Mahmudov Azərbaycan futbolu üçün böyük oyunçudur. Böyük futbolçu ilə də işləmək üçün böyük komanda olmaq lazımdır. Təəssüf ki, “Neftçi” böyük komanda ola bilmədi və Emin Mahmudovun ətrafında bir komanda qurub axıra kimi qoruyub saxlaya bilmədi.
Bu komanda məhz Emin Mahmudovun kapitanlığı, onun rəhbərliyi altında son illərdə çempionluq qazanıb. Sadəcə, bu proses doğru aparılmadığına görə, vəziyyət bu yerə gəldi çıxdı.
Düşünürəm ki, Emin “Neftçi”dən getməlidir və başqa komanda oynayaraq “Neftçi”yə hər şeyi sübut etməlidir.
Ramil Şeydayevə gəlincə isə onun nə liderlik xüsusiyyətləri, nə də xüsusi bir bacarığı var. O elə sanır ki, komandada Emin Mahmudovla rəqabət apara bilər. Halbuki onun yaxınından belə keçə bilməz”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az