!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin qiyməti 200 dollara qalxa bilər

!Reklam – Yazi

Rusiya və Qərb arasında artan ziddiyyətlər daha gərgin hal almağa başlayır. Bu vəziyyətdə neft qiymətinin yenidən 100 dollarlıq həddi keçəcəyi ilə bağlı iddialar səslənir. Çünki tərəflər neftlə zəngin Yaxın Şərqdə üz-üzə gəliblər.

Neftin qiymət ilə bağlı verilən bu proqnozun reallığa çevrilməsi mümkündürmü?

Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, neftin qiymətinin 100 dollarlıq həddə çatması, hətta onu keçməsi real görünmür:

“Yaxın Şərqdə baş verən siyasi proseslər neftin dünya bazarında qiymətində artımlara gətirib çıxarıb. Amma bununla belə, Yaxın Şərqdəki mövcud şəraiti nəzərə alsaq, hələlik neftin dünya bazarındakı qiymətinin 100 dolları keçməsi ehtimalı olduqca azdır. İndiki halda bu real deyil. ABŞ və onun müttəfiqlərinin Suriyadakı bir sıra obyektləri bombalaması, bu fonda da Vaşinqtonla Moskva arasında gərginlyin daha da kəskinləşməsi  neftin dünya bazarındakı qiymətlərinə də təsir göstərib. Suriyadakı gərginlik genişlənib, daha çox ərazi və ölkələri də öz ağuşuna alarsa, yaranmış vəziyyətdə neftin dünya bazarındakı qiymətinin yenidən yüksəlməsi əlbəttə ki, gözləniləndir. Hələliksə, müşahidələr ondan ibarətdir ki, Qərb Yaxın Şərqdə vəziyyətin kəskin şəkil almağında maraqlı deyil. Bununla belə,baş verən son hadisələr bazarlarda istər-istəməz narahatçılıq yaradır. Bu da öz növbəsində təsirini “qara qızıl”ın qiymətində göstərir. Təbii ki, qiymətin bahalaşması neft istehsal və ixrac edən ölkələr üçün vacibdir. Bu faktın baş verməsi həmin ölkələrin gəlirlərinin artması deməkdir. Amma sözsüz ki, qiymətlərin süni şəkildə artması və ardınca kəskin azalmalarla müşahidə edilməsi də arzuolunan deyil.

Bu səbəbdən məqsədəuyğun variant bazar qiymətlərinin formalaşmasıdır. Mövcud bazar qiymətləri isə 60-70 dollar intervalında dəyişir. Ona görə də Yaxın Şərqdəki gərginlik aradan qalxarsa, neftin dünya bazarındakı qiymətinin 60-70 dollar intervalında hərəkət edəcəyini müşahidə edəcəyik. Amma gərginlik qiymətlərdə yeni bahalaşmaya səbəb ola bilər”.

Xəzər Universitetinin neft-qaz geosiyasəti üzrə professoru Fuad Rəsulov isə bu qənaətdədir ki, neftin qiyməti hətta 200 dollara da çata bilər:

“Suriyada baş verən hadisələrin, Qərblə Rusiya arasında qarşıdurmanın nəticəsidir ki, hazırkı anda neftin qiyməti qalxır. Hazırda ABŞ və Rusiya heç də neftin qiyməti barədə düşünmür. Onlar sadəcə siyasi cəhətdən bölgədə  öz mövqelərinin möhkəmlənməsi üçün çalışırlar. Sözsüz ki, bu addımların nəticəsi olaraq təhlükələr də artır. Yəni Suriyada daha ciddi savaşın başlanması təhlükəsi heç də aradan qalxmayıb. Məhz həmin təhlükədən irəli gələrək “qara qızıl”ın qiyməti də bahalaşır. Bu fonda neftin qiymətinin 100 dollara çatması üçün hər hansı bir iqtisadi əsas isə mövcud deyil. Amma bu barədə dəqiq heç kim bir söz deyə bilməz. Ola bilsin, bir neçə gündən sonra Suriyada vəziyyət dəyişsin və tərəflər danışıqlara getsin. Onda yaşanan gərginlik azalacaq və həmin an neftin qiyməti də enəcək. Yəni təhlükənin sovuşacağı təqdirdə, qiymətlər yenidən aşağı düşməyə başlayacaq və yaxud mövcud səviyyədə qalacaq. Müharibə başladıqda isə, bəlkə də, neftin qiyməti 200 dollara -qalxacaq”.

ELÇİN

www.yenicag.az

2330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv