Neftin qiymətinin artması manatı “dirildəcək”?
Yaşar Əsədov: “Neftin qiyməti 2016-cı ilin sonuna qədər hardasa maksimum 70 dollar həndəvərində olacaq”
Hazırda dünya birjalarında neftin qiymətinin qalxması tendensiyası müşahidə olunur. Son hərracda bir barrel neftin qiyməti 68 dollar olub. Bu artımın Yəməndə baş qaldıran hadisələrlə bağlı olduğu bildirilir. Görəsən, belə davam edəcəyi təqdirdə, neftin qiyməti neçə dollara qədər qalxa bilər? Bu qiymət artımı manatın ucuzlaşmasının qarşısını ala biləcəkmi?
İqtisadçı ekspert Yaşar Əsədov bu qənaətdədir ki, yaxın il yarımda neftin qiyməti 70 dollar arasında var-gəl edəcək: “Müşahidəçilərin gəldiyi qənaətə görə, neftin qiyməti 2016-cı ilin sonuna qədər hardasa maksimum 70 dollar həndəvərində olacaq. Təbii ki, burada qiymətə təsir edən çox faktorlar var. Bu tendensiya əsasən də dünya bazarında olan möhtəkirliyin nəticəsidir. Hər halda ən mötəbər agentliklərin proqnozuna görə, neftin qiyməti gələn ilin sonlarına doğru 70 dollardan çox olmayacaq. İlham Əliyev məzənnə ilə bağlı çıxışında demişdi ki, manat dövriyəyə buraxılanda hazırkı 1 manat 5 qəpik-1dollar məzənnəsi üzrə buraxılmışdı. Ardınca dövlət başçısı qeyd etdi ki, manatın gücləndirilməsi səhv addım idi. Bu mənada hesab edirəm ki, hazırda dollarla manat arasında mövcud olan məzənnəyə toxunulmayacaq. Təbii ki, cüzi tərəddüdlər olacaq. Amma bu manatın hazırkı məzənnəsinə hiss olunacaq təsir göstərməyəcək. Ucuz milli valyuta əslində ixrac potensialını, daxili istehsalı stimullaşdırır”.
Elçin