Nepalda xəsarət alanların sayı 16 min nəfəri ötüb
Nepalda baş vermiş dağıdıcı zəlzələ zamanı xəsarət alanların sayı 16 min nəfəri ötüb. Bu barədə ölkənin fövqəladə vəziyyətlərə dair milli mərkəzi məlumat verib.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, mərkəzin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilmiş son məlumata görə, zəlzələ nəticəsində hələlik 7759 nəfərin həlak olduğu, 16432 nəfərin isə xəsarət aldığı təsdiqlənib.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Sonradan ölkəni gücü 3,2 baldan 6,9 baladək daha 90-dək təkrar yeraltı təkan silkələyib. Hadisə nəticəsində ümumilikdə 288 mindən artıq ev yerlə-yeksan olub, daha 254 min ev isə zədələnib.
Zəlzələdən ən çox ölkənin paytaxtı Katmandu şəhəri zərər görüb. Burada 1210 nəfər həlak olub, 4634 nəfər yaralanıb.