Netanyahu ABŞ-dən ƏLİBOŞ DÖNDÜ – Vaşinqton İsraili Türkiyə ilə TƏK BURAXDI
İsrail Baş naziri Benyamin Netanyahunun (BiBi – red.) son ümidi ilə gerçəkləşdirdiyi ABŞ səfəri, əslində, onun diplomatik iflasının rəsmi elanına çevrildi. ABŞ prezidenti Donald Trampın açıq mövqeyini – İsrailin avantürist siyasətinə görə Vaşinqtonu təhlükəyə atmamaq qərarını artıq Təl-Əviv üçün ağır siqnal kimi qiymətləndirmək olar.
Trampın Netanyahunun qarşısında səsləndirdiyi fikirlər diplomatik ritorikadan uzaq olsa da, çox aydın və sərt idi: “Türkiyə ilə münasibətləri pozma, əksinə, normallaşdırmağa çalış”. Bu cümlə sadəcə tövsiyə deyildi, əksinə, bu, ABŞ-nin İsrailə qarşı ən açıq xəbərdarlıqlarından biri kimi də tarixə düşə bilər. ABŞ artıq İsrailin bölgədə yaratdığı gərginliyi aradan qaldırmaq istəyir, yoxsa onu müdafiə etmək yox.
Bu gərgin fonun arxasında isə daha mühüm və strateji bir görüş dayanır: ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçirilən qapalı müzakirə. Fidanın mövqeyinə baxsaq, bunun qəti olduğunu anlamaq bir o qədər də çətin deyil: “Əgər ABŞ İsrailin yanında savaş meydanına girərsə, nəticələr ağır olacaq”. Bu bəyanat da göstərdi ki, Türkiyə artıq bölgədə yalnız hərbi güc deyil, həm də siyasi və strateji aktordur.
Reallıq dəyişib. Britaniya və ABŞ artıq İsrailin toxunulmazlığını qorumaq niyyətində deyil. Qərb Ankara ilə qarşıdurma riskini götürmək istəmir, çünki Türkiyənin həm NATO üzvü kimi statusu, həm də bölgədə artan hərbi-siyasi təsiri nəzərəçarpacaq səviyyəyə çatıb. Bu mənzərədə Təl-Əvivin “əgər bizə dəstək versəniz, Türkiyəni neytrallaşdırarıq” mesajı artıq keçərsizdir.
Netanyahu rejimi ABŞ-dən diplomatik dəstək almaq üçün hər vasitəyə əl atsada, Tramp artıq Ərdoğanın sərt siyasi iradəsini və regional oyunçuluğunu yaxşı tanıyır. Bu səbəbdən də ABŞ İsrailə görə öz maraqlarını riskə atmaq istəmir. Bu mərhələdən sonra Netanyahu hara gedir-getsin, hansı diplomatik oyunları oynayır-oynasın, aqibəti dəyişməz olaraq qalacaq. Yeni reallıq artıq öz yerini möhkəmləndirib və bölgədə yeni güc mərkəzi Türkiyədir. Ankara artıq Suriya və Livan sərhədlərində strateji üstünlüyü ələ alıb, faktiki olaraq İsrailin sərhədinə qədər irəliləyib. Bu isə illərlə hazırlanan gələcəyə yönəlmiş planın real nəticəsidir.
Yeri gəlmişkən, Türkiyənin bu irəliləməsi təkcə hərbi və ya siyasi maraqlarla izah edilmir. Burada regional ədalət və tarixi məsuliyyət anlayışı da var. Ankara üçün artıq açıq hədəf Şam – Dəməşq deyil, əksinə, növbəti dayanacaq Qüds belə ola bilər. Çünki bu, həm də mənəvi və milli iradənin geosiyasi müstəviyə daşınmasıdır.
Görünən odur ki, İsrail əvvəllər sahib olduğu toxunulmazlıq statusunu itirib. Qərb onu artıq müdafiə etmir, səssiz şəkildə oyundan uzaqlaşdırır. Netanyahu isə bu yeni reallığı qəbul etmək əvəzinə, ölkəsini daha böyük fəlakətə sürükləyir. Türkiyə isə artıq yaranan boşluğu doldurmağa və bölgədə öz sözünü deməyə hazırdır.
Rafi Müslümov