Tehranda HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsi İran və müqavimət şəbəkəsinin imicinə ciddi zərbə endirdi. Eləcə də 7 oktyabr 2023-də İran tərəfinə keçən psixoloji üstünlük indi İsrail tərəfdədir. İran isə bu zərbəyə mütləq hər hansısa yolla cavab vermək məcburiyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “İranın İsrailə mümkün cavabı” adlı məqaləsində qeyd olunub.
Kanal yazır ki, hərbi effektivliyə və nəticəyönümlülüyə hesablanan əməliyyatların ortaq cəhəti tamamilə gözlənilməz olmasıdır.
“Misal olaraq, 7 oktyabr 2023-cü il hadisəsini heç kim gözləmirdi və bu cür gözlənilməz hücum İsrail kəşfiyyatının imicinə və onun regionda yaratdığı miflərə ciddi zərbə endirdi. Eyniliklə İsrail də gözlənilmədən Tehranda Həniyəni öldürməklə qarşı tərəfə bu cür psixoloji zərbə endirdi. Bu əməliyyatlar olduqca sürpriz şəkildə baş verdi və qarşı tərəfi çaş-baş saldı. Aydındır ki, əvvəlcədən elan olunan, detalları diplomatik kanallarla razılaşdırılan və ictimai müzakirəyə çıxarılan hərbi əməliyyatın əsas məqsədi mümkün eskalasiyanın nəzarət altında səngidilməsindən ibarətdir”, – deyə qeyd olunur.
“İsrail tipik Yaxın Şərq dövlətidir. Onun digərlərindən fərqi ABŞ-nin “ancaq pulsuz” dəstəyi və kapital axınıdır. Bu iki amil olmadan İsrail davamlı olaraq regionda bu cür templə mübarizəyə davam edə bilməz. Əgər İran İsrailə hücum edərsə, İsrail ABŞ-nin amansız dəstəyini ala və 7 oktyabr hücumlarından sonra törətdiyi insan haqları pozuntularının görünməsini qısa müddətdə azaldacaq. Buna görə də baş nazir Benyamin Netanyahu İranın İsrailə hücum etməsini istəyir. Bu kontekstdə Yaxın Şərqdə bir dövlətin digər dövlətə qarşı hücumu hətta hədəf dövlətin ehtiyacları ilə bağlı ola bilər”, – deyə məlumatda bildirilir.
Kanal analitiklərinin fikrincə, İranın dünyaya elan etdiyi hücum hədəfi məhv etmək deyil, dünyada və regionda bəyənilmək narahatlığı ilə bağlıdır.
“Ona görə də İran məhv etmək üçün deyil, hələ də var olduğunu söyləmək üçün hücuma keçəcək. İranın molla rejimi adlandırdığımız idarə ediciləri, əslində, kifayət qədər praqmatik və realistdirlər. İran rəhbərliyi indiyə qədər hibrid müharibə taktikasını uğurla davam etdirib və müharibəni öz ərazilərindən uzaqda saxlamaqla mübarizəni İsrail ərazisi ətrafında davam etdirməsinə nail olub. 7 oktyabr hücumundan sonra isə İran İsrailin resurslarını bir neçə istiqamətdə bölünməsinə nail olmuş, Yəmən, Suriya, İraq, Livan cəbhələrini vahid cəbhə də birləşdirə bilmişdi. İran və İsrail arasında apreldə baş tutan qarşıdurmada İran İsrail ərazisinə birbaşa ilk dəfə zərbələr endirmiş və “dövlət qeyri-dövlət” aktoru arasındakı savaş artıq “dövlət və dövlət” arasında mübarizəyə keçid etmişdir. Buna baxmayaraq, Tehran yenə də İsrailin arzuladığı birbaşa eskalasiyadan yayına bilmişdi. Burada ən önəmli məqam həm də ABŞ, Rusiya və Çin kimi böyük güclərin Yaxın Şərqdə genişmiqyaslı müharibə istəməməsi və Bayden administrasiyasının bu regiona azalan marağı idi ki, bu da Tehran üçün faydalı idi”, analitiklər bildirib.
Bildirilib ki, indi İran qarşısında bir neçə seçim var.
“İsmail Həniyə də Benyamin Netanyahu kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqsirkar elan edilib. Həniyənin öldürülməsindən sonra Netanyahu bu münaqişə kontekstində orderə malik yeganə şəxs olaraq qalır. Tehran ümid edə bilər ki, İsrail və Netanyahuya qarşı təzyiqlər artacaq və İsrail uzun vadədə bu templə davam edə bilməyəcək, beləcə, Tehran heç bir cavab verməyə bilər. Lakin bu onun müqavimət cəbhəsi və Fələstin dairələri arasında, habelə daxildə dindar camiə və SEPAH arasındakı nüfuzuna ciddi zərbə endirə bilər.
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin yaşını nəzərə alsaq, bu cür durum SEPAH-ın daha gənc, dinamik bir liderə istiqamətlənməsinə yol aça bilər. İran bunları nəzərə alıb İsrailə birbaşa yenidən zərbələr endirə bilər, lakin bu zaman Tehran daha çox dronlardan yox, əksinə, ballistik raketlərdən istifadə edərək, estafeti yenidən proksi güclərə ötürə bilər”, – deyə əlavə edilir.
Qeyd olunur ki, İran, əgər eskalasiyanı artırmağı seçəcəksə, o zaman, irəli sürdüyü təbliğata uyğun addım atmalı və yaratdığı gözləntiləri doğrultmalıdır.
“Bunun üçün isə İsraildə yüksək rütbəli şəxs öldürülməli və ya daha ciddi siyasi mərkəzlər vurulmalıdır. İran ABŞ-nin seçkidə olduğu tələsinə düşə bilməz. 2019-cu ildə Donald Trampın seçki kampaniyası dövründə İran əvvəlcə boğazda bir ABŞ PUA-sını vurdu, daha sonra isə ABŞ konvoyuna zərbələr endirdi. İran o vaxtı hesab edirdi ki, ABŞ cavab verməyəcək, lakin Tramp gözlənilmədən Qasim Süleymaninin öldürülməsini təmin etməklə İrana amansız zərbə endirdi. Bu baxımdan, Tehran, böyük ehtimal, bu dəfə seçki tələsinə düşməyəcək. İran elə bir yol seçməyə çalışacaq ki, budəfəki cavablar aprel hücumundan fərqlənsin, İran rəhbərliyinin cavabsız qaldığı görüntüsünü aradan qaldırsın və qarşı tərəfin geniş konsolidasiyasına imkan yaratmasın.
Trampın seçilməsi ehtimalı isə İran üçün daha bir baş ağrısıdır. Bu baxımdan, İran heç bir addım atmaya bilər ki, Netanyahunun seçkidə uduzmasına ümid etsin. Tramp hakimiyyətə qayıdarsa və Netanyahu hakimiyyətdə qalarsa, bu regionda vəziyyəti daha da gərginləşdirə bilər”, məlumatda bildirilib.
Rafi Müslümov
www.yenicag.az