“İdrak” liseyində müəllimini güllələyən şagird hakim qarşısında
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
Yenicag.az xəbər verir ki, Oxu Az-ın məlumatına görə, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.
Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəmədə iştirak ediblər. Qanuni nümayəndə qismində şagirdin anası Zemfira Şirinova tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Vüqar Quliyev həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib.
Vəkil iştirak etmədiyindən iclas iyunun 17-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gedərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Onu da qeyd edək ki, şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.












