Netanyahu niyə Bakıya GƏLMƏDİ? – “Ərdoğan dedi ki, sənin təyyarən...”

media-hightechnic-468x90

“Netanyahu Bakıya gəlsə idi, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə hansısa razılaşmalar əldə ediləcəkdi”.

Bu fikri İsrailin fələstinlilərə qarşı apardığı siyasət, Yaxın Şərqdə baş verən proseslər və yaranmış gərginliyin səbəblərini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, ABŞ-nin dəstəyini alan İsrail Suriya və fələstinliləri məhv etmək niyyətindədir:

“Azərbaycan dilində məsəl var ki, “arxalı köpək qurd basar”. İsrailin arxası ABŞ, onun prezidenti Donald Trampdır. Donald Tramp nəinki beynəlxalq hüquqa, heç ABŞ qanunlarına belə riayət etmir. O, birinci dəfə prezident olan da elan etmişdi ki, Qüds İsrailə məxsusdur və 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Qolan təpəliklərini İsrailin ərazisi hesab edir. Bu o zaman mövcud olan bütün beynəlxalq hüquqa, beynəlxalq normalara zidd idi. Tramp ikinci dəfə hakimiyyətə gələndə isə dedi ki, Qəzza probleminin həlli kimi bütün fələstinliləri oradan köçürmək lazımdır. Bu, etnik təmizləmə deməkdir. Netanyahu da bundan ruhlandı və bildirdi ki, fələstinliləri oradan köçürmək lazımdır, Qəzza zolağına qeyri-müəyyən müddətə İsrail ağalıq edəcək. İsrail rəsmi olaraq bəyan edir ki, HƏMAS-ı tamamilə məhv etmək lazımdır. Yaxın Şərq tarixini araşdıranlar bilir ki, HƏMAS niyə yaranıb. HƏMAS-ı yaradanda onun bir nömrəli hamisi İsrail olub. İsrail HƏMAS-ı ona görə yaradıb ki, Fələstin Azadlıq Təşkilatına (FAT) qarşı əllərində daxildən qüvvə olsun. HƏMAS-a pullar Qətərdən gəlirdi. Qətərdən pullar verilirdi İsrailə, onlar da verirdi HƏMAS-a. Qəzza sakinləri İsrail qoşunlarının qovduğu fələstinlilərdir. Əgər orada İsrail təcavüzü, etnik təmizləmə olmasa idi, Qəzzada 250 min insan yaşayardı. İndi orada 2-3 milyon insan yaşayır. Fələstinliləri toplayıblar bir yerə”.

Z. Əlizadənin sözlərinə görə, İkinci Dünya müharibəsi zamanı Polşadakı, Avropadakı yəhudiləri Varşava gettosuna yığmışdılar:

“Varşava gettosunda yəhudiləri saxlayırdılar. Onlara bir az pul verirdilər, ərzaq verirdilər. Ora həbsxana kimi idi, bütöv bir millət bir ərazidə həbsxanadakı kimi yaşayırdı. Onlar sonra üsyan etdilər, faşistlər onları qırmağa başladı. Qəzza zolağı ilə Varşava gettosu arasında fərq yoxdur. Varşava gettosunda yığılmış yəhudilərə amansız divan tutan alman faşistləri ilə Qəzza zolağında toplaşmış fələstinlilərə divan tutan İsrail ordusu eynidir. Bunu mütərəqqi Qərbin ziyalıları, yəhudi əsilli ziyalılar anlayır”.

İsrailin Suriyada keçirdiyi hərbi əməliyyatlara gəldikdə isə politoloq bunları deyib:

“Netanyahu Bəşər Əsədin getməyindən və keçid dövründən istifadə edərək Suriya ordusunun hərbi obyektlərini bombalayır ki, Suriyanın qoşunu olmasın. Necə ki, kürdləri Səddama, İrana qarşı qaldırırdı, Suriyada da druzları Suriyaya qarşı qaldırır. Suriyanın aviasiyası qalmayıb. İsrail hərbi təyyarələri də hər gün Suriya hərbi obyektlərini bombalamaqla məşğuldur. Suriya hökuməti Türkiyə ilə danışdı ki, Palmiradakı hərbi bazanı versinlər onlara. Türkiyə elan etdi ki, orada hərbi baza quracağıq, Suriya hərbi hava qüvvələrinin şəxsi heyətinə təlim keçəcəyik. Səhəri gün İsrail həmin ərazini bombaladı”.

Analitik əlavə edib ki, İsrail təkcə Suriyaya yox, həm də Türkiyəyə meydan sulayır:

“Türkiyə təyyarələri gəldi həmin bazaya və bildirdi ki, buranı vurmayın. Türkiyə Netanyahunu seçim qarşısında qoydu. Əgər bombardmanı dayandırmasa, qarşısında Türkiyəni görəcək. Netanyahu Trampdan məsləhət almışdı ki, Yaxın Şərqdəki siyasətini Türkiyə ilə razılaşdır. Yəni ərəblərə qarşı apardığın siyasəti Türkiyəyə qarşı apara bilməzsən. Netanyahu Bakıya gəlsə idi, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə hansısa razılaşmalar əldə ediləcəkdi. Görünür Netanyahu şıltaqlığını davam etdirir. Netanyahu ki, Suriyada güclü mərkəzi hökumətin yaranmasına icazə verməyəcəyəm. Ona görə də Ərdoğan dedi ki, sənin təyyarən Bakıya gedə bilməyəcək. İsrail dövləti ya müsəlmanların, fələstinlilərin hüquqlarını tanımalıdır, ya da belə davam etsə, İsrail dövləti üçün də, xalqı üçün də ciddi dönüş nöqtəsi gəlib çatacaq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600