Nigar Köçərli ilə klinika arasında məhkəmə qalmaqalı: "Əsas videoları gizlədirlər"
“Liv Bona Dea” klinikası məhkəməyə görüntüləri təqdim etmir
Bu gün “Liv Bona Dea” klinikasının “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı qaldırdığı 222 395 AZN məbləğində təzminat iddiası üzrə növbəti məhkəmə prosesinə hazırlıq iclası keçirilib.

Nigar Köçərli Yenicag.az-a açıqlamasında bildirib ki, qarşı tərəf klinikada baş verən hadisələrə aid videogörüntüləri məhkəməyə təqdim etməkdən boyun qaçırır:
“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, qarşı tərəf əməliyyatxanada və ayılma otağında baş verənlərlə bağlı heç bir video görüntü təqdim etmədi. Bildirildi ki, həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki biz bu videoları ilk dəfə fevralın əvvəlində tələb etmişik və sonrakı hər məhkəmə iclasında da bu tələbi təkrarlamışıq.
Əvəzində, yalnız koridor və lift qarşısına aid olan qısa videoepizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyətinə heç bir aydınlıq gətirmir. Əsas və narahatedici suallar isə yenə cavabsız qalır: anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi? Təəssüf ki, bu suallar cavabsız qalmaqda davam edir.”
Nurlan Cəfəri













