Azərbaycan özünün ən həssas dövrlərindən birini yaşayır: regionda və dünyada xaotik hadisələrin baş verdiyi bir məqamda ölkəmizdə əsaslı iqtisadi-siyasi islahatlara start verilib. Bir neçə icra başçısı və müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri həbs ediliblər. Ortada dövlət başçısının mühüm siyasi iradəsi var və görünən budur ki, qanunsuzluğa imza atan hər bir vəzifəli şəxs cəzalandırılacaq. Heç şübhəsiz ki, ölkədə aparılan islahatlar hakim Yeni Azərbaycan Partiyasının da elitasında ciddi dəyişiklikərin baş verməsini labüd edir. Bunun bir çox səbəbləri var.
Əvvəla, rüşvət və korrupsiya ittihamı ilə iş otağında həbs edilən icra başçılarının hamısı YAP-çılardır. 2019-cu il dekabrın 19-da həbs edilən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov YAP Ağstafa rayon təşkilatının sədri vəzifəsini daşıyırdı. YAP-ın əksər rayon təşkilat sədrlərinin adı müxtəlif qalmaqallarda səslənir, lakin onlar müxtılif inzibati üsullarla öz qanunsuz hərəkətlərini ört-basdır etməyi bacarırlar. YAP-ın Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayev özərində narkotik maddə ilə həbs edilmişdi. F.Ağayev anası M.Ağayevanın səyi ilə rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd idi.
Həmçinin, YAP ölkədə korrupsiya bataqlığına ən çox yuvarlanan, milyonlarla vəsaiti müxtəlif layihələr adı altında göyə sovuran təşkilatlardan biri hesab olunur.
Hakim partiyada islahatların aparılacağı, YAP-ın bir neçə rayon sədrlərinin həbs ediləcəyi ilə bağlı müxtəlif koridorlarda səslənən fikirlər arqumentli şəkildə hələki öz ciddiyətini qoruyur. Və o da qeyd olunur ki, həbslər YAP-ın Mərkəzi İcra Aparatından da yan keçməyəcək.
Görünən budur ki, müasir və yeni siyasi münasibətlər sisteminin formalaşdığı bir məqamda YAP köhnə “şinel”dən, ənənəvi üslübundan xilas ola bilmir, yeniləşməyi bacarmır.
Hakim partiyanın istər gənclər sahəsində, istərsə də sosial şəbəkələrin Azərbaycan seqmentinə hesablanmış bütün layihələri iflasa uğrayıb. Ay ərzində “trol siyasəti”nə xərclənən on milyonlarla vəsait göyə sovruldu. YAP hətta sıravi gənc müxalifətçilər – müsavatçı, cəbhəçi ilə ciddi debat aparmaq gücünə malik gənclər, yeni liderlər yetişdirə bilmədi. Təsadüfi deyil ki, Milli Məclisdə 70 yerlə təmsil olunan, 760 580 üzvü olan YAP müxalifət partiya sədrləri ilə debata 2-3 nəfərdən başqa kimsəni çıxara bilmir.
Bəs YAP-da həbs olunacağı ehtimal olunan rayon təşkilat sədrləri kimlərdir?
Azsiyasət.com xəbər verir ki, partiyanın rayon təşkilat sədrləri içərisində hədəfdə olan ilk onluqda YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin də adı var. O, öz səlahiyyətlərindən istifadə edərək milyonçuya çevrilən, böyük var-dövlətə sahiblənən YAP-çılardan hesab olunur. AXCP-Müsavat hakimiyyətinə qədər Rabitə Nazirliyinin avtonəqliyyat idarəsində adi mexanik işləyən T.Tağıyev Ə.Elçibəyin prezidentliyi dövründə həmin idarənin Baş mühəndisi vəzifəsinə təyin edildi. Onun AXC-Müsavat hakimiyyəti dövründə Ə.Elçibəyin, İ.Qəmbərin, P.Hüseynin ünvanına təriflər dediyini xatırlayan şəxslər var, amma indi “ən qatı YAP-çı” kimi bütün tədbirlərdə adıçəkilən şəxsləri ən ağır formada nəinki tənqid, təhqir etməklə qanunsuz hərəkətlərinə bəraət qazanacağını zənn edir. Bildirilir ki, T.Tağıyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin əli ilə bir çox qanunsuzluqlara imza atıb. Ona Nərimanov rayonundakı biznes şəbəkəsi qurmağa şərait yaradan məhz A.Fərzəliyevdir. Mənbə bildirir ki, T.Tağıyev çox ciddi ittihamlarla həbs ediləcək və əldə etdiyi bütün var-dövlətin siyahısı ictimai müzakirəyə çıxarılacaq (o artıq siyahı bizdə var və yaxın zamanda ictimailəşdirəcəyik), həyata keçirdiyi bütün qanunsuzluqlar ifşa olunacaq. Nəzərə almaq lazımdır ki, hazırda Avropada oturub hakimiyyəti tənqid edən Q.Məmmədova vaxtilə bəxşiş olunan mənzillərlə bağlı prosesdə A.Fərzəliyevin adı xüsusi xətlə keçir.
Təmraz Tağıyev
YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da “çoxşaxəli” fəaliyyəti ilə diqqəti cəlb etsə də, bu günə qədər medianın gözündən xüsusi “ustalıqla” yayına bilib. M. Abasquliyeva 20 ildir “2 saylı Doğum evi”nin baş həkimi, 13 ildir YAP Sabunçu rayon təşkilatının sədridir. Rəhbərlik etdiyi “2 saylı Doğum evi” ən çox şikayət olunan, rüşvətin tuğyan etdiyi müəssisələr sırasındadır. Hakim partiyanın rayon təşkilat sədri kimi isə ayrılan pulları ictimai rəyə heç biri təsiri olmayan, ənənəvi layihələrə xərcləyib. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev onun əsas himayəçilərindən biri hesab olunur.
Mehriban Abasquliyeva
Hakim partiyanın Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Xətayi rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Yasamal rayon rayon təşkilatının sədri Tağı Əhmədov, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev tezliklə tutduqları vəzifə ilə vidalaşmalı olacaqlar. Bəs özlərini toxunulmaz hesab edən bu şəxsləri hansı tale gözləyir? Zamana buraxaq…
Azsiyasət.com saytına daxil olan başqa bir informasiyaya görə, bu ilin sonuna qədər YAP qurultay keçirəcək və hakim partiyanın yeniləşməsi istiqamətində ciddi addımlar atılacaq. Hətta YAP-ın mərkəzi qərargahında yeni kadrların iş otaqları da indidən hazırlanıb. Hazırda reanimasion durumda olan hakim partiya Prezident İlham Əliyevin həyata keçirdiyi çevik, effektiv layihələrlə ayaqlaşmağı bacarmalıdır.
www.yenicag.az