!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar prezident seçkiləri: “Nəbz yoxlaması”, yoxsa zərurət?

!Reklam – Yazi

İqtidaryönlü deputat növbəti prezident seçkilərinin 2018-ci ilin oktyabr ayında deyil, martda keçirilməsini təklif edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı, 2013-cü il prezident seçkilərində namizəd olmuş Zahid Oruc bu təklifi musavat.com-a açıqlamasında dilə gətirib.

Millət vəkili prezident seçkilərinin vaxtının dəyişdirilməsi zərurətinin ölkənin milli maraqlarından irəli gəldiyini vurğulayıb.

Prezident İlham Əliyevi mövcud reallıqda “Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısı” adlandıran Oruc təklifini belə əsaslandırıb:

“Mövcud siyasi sistemdə və fəaliyyətdə olan partiyaların qüvvələr nisbətində ölkə birinciliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz. Onun alternativi xaosdur.

Bir il öncə Konstitusiyada olunan dəyişikliklər nəticəsində keçirilən referendumda qəbul olunmuş yeni tələblərə görə, gələn il keçiriləcək prezident seçkiləri qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır.

Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır.

Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına – Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir”.

Göründüyü kimi, medianın və müxtəlif siyasətçilərin ciddi surətdə nəzərdən keçirtdikləri növbədənkənar prezident seçkiləri məsələsi tədricən aktuallıq qazanmaqdadır.

Bu təşəbbüsün iqtidaryönlü deputat tərəfindən ictimai rəyə ötürülməsi isə təklifin hakimiyyətin üst qatından qaynaqlandığını söyləməyə əsas verir. Çox maraqlıdır, bu təklif cəmiyyətin növbədənkənar seçki məsələsinə reaksiyasını yoxlamaq üçün “nəbz yoxlaması”dır, yoxsa mövcud reallıqdan irəli gələn zərurət?

Prezident seçkilərinin vaxtının önə çəkilməsi təşəbbüsünü Yenicag.az-a dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu təklifi “Rusiya ilə uyğunlaşmaq” cəhdi adlandırıb:

“Açığı, bu təşəbbüsün Zahid Orucdan, yoxsa hakimiyyətin hansısa strukturundan qaynaqlandığını söyləməyə çətinlik çəkirəm. Şəxsən mənə belə gəlir ki, bu təklifin arxasında daha çox Rusiya ilə uyğunlaşmaq niyyəti var.

Çünki Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək və bizimkilər də yəqin ki, seçkilərin vaxtını Rusiya ilə eyniləşdirməyi düşünürlər. Çünki Rusiyanın bizim seçkilərə bu və ya başqa formada təsiri, müdaxiləsi olur.
O baxımdan bunu, həm Orucun fərdi təşəbbüsü, eyni zamanda da bayaq dediyim kimi, hakimiyyətin hansısa strukturunun cəmiyyətə mesajı olaraq dəyərləndirə bilərik”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə millət vəkilinin təklifini müsbət qiymətləndirib:

“Bir sıra çox ciddi nüansları nəzərə alsaq, Zahid bəyin bu təşəbbüsünü anlayışla qarşılayıram və hesab edirəm ki, onun təklifi kifayət qədər əsaslıdır. Xatırladım ki, ötən aylarda verdiyim açıqlamalarda ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair fikir bildirmişdim.

Mənim ehtimalıma görə, növbədənkənar seçkilər bu ilin payızında keçirilə bilərdi. Ancaq bu, baş vermədi. Lakin belə anlaşılır ki, hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırlaşır.

Mənə görə, növbəti prezident seçkilərinin gələn ilin oktyabrında deyil, məhz mart ayında keçirilməsini şərtləndirən ən mühüm amil həmin ayda Rusiyada da prezident seçkilərinin keçirilməsidir.

Rusiyanın Azərbaycanda keçirilən seçkilərə açıq-gizli müdaxiləsi heç kəsə sirr deyil. Bu üzdən, Azərbaycanda növbəti prezident seçkilərinin Rusiyadakı analoji siyasi kampaniya ilə eyni vaxtda keçirilməsi çox məqsədəuyğundur.

İlk növbədə ona görə ki, o zaman Kremlin başı daha çox öz seçkilərinə qarışacaq və Azərbaycandakı seçkilərə müdaxilə imkanları əsaslı dərəcədə azalacaq. Rusiyanın Azərbaycan hakimiyyətinin mümkün namizəd dəyişikliyinə neqativ münasibəti fonunda bu təklifin əhəmiyyətini daha da artırır.

Bu təşəbbüs Zahid Oruc tərəfindən fərdi qaydada səsləndirilsə də, ideyanın hakimiyyətin yuxarı eşalonundan verildiyi nəzəri cəhətdən istisna deyil”.

penahKeçmiş baş nazir, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə Yenicag.az-a açıqlamasında Azərbaycanda seçkilərin hansı ayda keçirilməsinin əhəmiyyət daşımadığını bildirib:

“Azərbaycanda seçkilərin necə keçirildiyini hər kəs bilir. O baxımdan, növbəti seçkilərinin martda, yoxsa oktyabrda keçirilməsinin ciddi bir önəmi yoxdur.

Fikrimcə, Zahid Orucun bu təklifi səsləndirməsi iqtidaryönlülərin özünəməxsus təbliğat fəaliyyətidir və diqqəti indiki bərbad seçki mühitindən yayındırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, ölkənin Seçki Məcəlləsinə dəyişiklik məsələsi də artıq gündəmə gətirilib. Seçki qanunvericiliyinə təklif olunan və Milli Məclisə göndərilmiş layihədəki müddəalardan biri də məhz növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydalarına aiddir.

Təklifə əsasən, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təyin edildikdən 3 ay sonra yox, 60 gün ərzində keçiriləcək.

A. Zeynalov

COP29

www.yenicag.az

2488
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv